“Hamısı bir-biri ilə itlə pişik kimi rəftar edir” - Zərdüşt Əlizadə

“Hamısı bir-biri ilə itlə pişik kimi rəftar edir”  - Zərdüşt Əlizadə

Dekabrın 10-da Moskvada “3+2” formatında görüşün keçirilməsi nəzərdə tutulub. Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xatırladaq ki, noyabrın 8-də Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın rusiyalı vəzifədaşı Sergey Lavrovla “3+2” fotmatı çərçivəsində telefon danışığı zamanı da tərəflər yeni formatın gələcək perspektivlərini müzakirə ediblər.

Bu formatdan Azərbaycanın gözləntiləri nədir?

Moskva toplantısını Soçi görüşünün nəticələrinin davamı kimi qəbul etmək olarmı?

“3+2” formatı nə vəd edir?

Sabahki görüşü şərh edən Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Soçi görüşü ilə sabahkı görüşün əhəmiyyəti arasında çox böyük fərq var:

“Soçidə dövlət rəhbərləri görüşdü və konkret məsələləri müzakirə etdilər. Moskvada isə XİN rəhbərlərinin müavinləri görüşəcək və hələ də bilinmir ki, Gürcüstan iştirak edəcək, ya yox. Amma nəzərdə tutulmuş formatın iş prinsipləri, səlahiyyətləri barəsində hansısa mücərrəd söhbətlər aparacaqlar. Bu tamamilə fərqli görüşlərdir, çünki biri tam samballı, işgüzar, o birisi isə, sadəcə imkanların gerçəkləşməsi ehtimalını müzakirə edən nəzəri bir görüşdür”.

Z. Əlizadə əlavə edib:

“Moskvada ilkin söhbətlər olacaq və heç bir nəticə olmayacaq, ola da bilməz. Fikir verin, “3+3”, 3 böyük region dövlətindən və Rusiya, Türkiyə, İrandan ibarətdir. Onların arasında müəyyən fikir fərqləri var. Amma çox ciddi əməkdaşlıq mühiti də yarana bilər. Bunlar iqtisadi, hərbi, siyasi və s. sahələrdir.

Qaldı ki üç Qafqaz dövlətinə, yəni Azərbaycan, Gürcüstan və Ermənistana, onu deyə bilərəm ki, Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Həmçinin, Ermənistanla mehriban qonşudur, amma Ermənistanın Türkiyə və Azərbaycanla ciddi ixtilafları var. Bir çox məsələlər hələ yoluna qoyulmayıb və hətta həlli yolları tapılmayıb. Bundan başqa, Gürcüstanın Rusiyadan böyük narazılığı var, çünki ərazisinin 20%-ini – Abxaziya və Cənubi Osetiyanı işğal edib.

Odur ki, hansısa bir formatın gerçəkləşməsinə inanmıram, hətta buna şübhə ilə yanaşıram. Amma əgər gerçəkləşsə də, dünyada o qədər formatlar var ki...”

“Dünyada qitələrarası, qitələriçi, daxili, regional formatları doludur. Məsələn, Balkan yarımadasında o qədər dövlətlər var ki, hamısı bir-biri ilə itlə pişik kimi rəftar edir. Orada slavyan xalqları bir-birinə nifrətlə yanaşırlar. Afrikada müsəlman-ərəb xalqları var ki, bir-birinin qanını içməyə hazırdılar.

Amma elə də formatlar var ki, onlar, artıq oturuşub. Məsələn, Avropa İttifaqı özü bir formatdır və bu Avropa qitəsində yerləşən dövlətlərin formatıdır. Hamı o ittifaqa can atır, bəziləri isə oradan çıxmağa çalışır və çıxır da.

Sabahki görüş nəzəri imkanların həyata keçirilməsi ehtimalını müzakirə edən boş bir görüşdür. Allah onların işini avand etsin”.

Rafi MÜSLÜMOV