Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova

Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova

Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritəsini vermək istəməməsi son nəticədə ağır humanitar fəsadlar yaradıb. Bu gün iki vətəndaşımızın Şuşanın Daşaltı kəndində mina partlaması nətcəsində həlak olması bir daha Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Ermənistanın dünya birliyinin gözündən pərdə asaraq təqdim etdiyi xəritələrin böyük hissəsi yanlışdır.

"Bu xəritələrin cəmi 25 faizinin faydalı olduğu bildirilib. Mina xəritələrinin dəqiq olmaması azad edilmiş ərazilərin minalardan təmizlənməsinə çətinliklər yaradır, günahsız insanların ölümünə və ağır xəsarətlər almasına səbəb olur. Vətən müharibəsi bitəndən bu vaxta qədər 180-dən artıq insan mina partlamasından zərər çəkib, onların arasında 40-a yaxın mülki və hərbi şəxs həlak olub. Bu, əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı terrorçu fəaliyyətinin davamıdır", - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə, bu gün Daşaltıda baş verən faciəvi hadisəyə düşmənin basdırdığı sürpriz mina partlayışı səbəb olub.

"Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.

Biz bir daha beynəlxalq birliyi Ermınistana təzyiq göstərməyə və onu münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atmağa məcbur etməyə çağırırıq. Beynəlxalq təşkilatlar Ermənistanın bu cür humanitar böhranlı vəziyyətlər yaratması hallarına siyasi və hüquqi qiymət verilməsinə də nail olmaq üçün səylərini artırmalıdırlar. Bölgədə sülh və əmin-amanlığın tərəfdarı olanlar bu məsələdə bitərəf qalmamalıdırlar.

Ermənistanın yanlış mina xəritələri təqdim etməsi məsələsinə də aydınlıq gətirilməlidir. Region ölkələri də bu məsələdə Ermənistana təzyiqlər göstərməlidirlər. Ermənistanın bu cür mövqe sərgiləməsi ümumilikdə qarşılıqlı etimadı pozur, Cənubi Qafqazda sülhü təmin edəcək Sülh Müqaviləsinin imzalanmasını əngəlləyir", - deyə deputat vurğulayıb.