EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir - FOTO

EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir - FOTO

Bəyan prosesinin başa çatmasına 3 həftə qalıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin bəyanı prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir.

Açıq dialoq formatında keçirilən görüşlərdə fermerlərə şəxsi kabinetlərin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq sahələrindən nümunələrin aqrokimya laboratoriyalarına təqdim olunması proseduru, 10 hektardan artıq torpaq sahəsi olan mülkiyyətçilərin öz sahələrini sığorta etdirmə zəruriliyi barədə geniş məlumat verilir.

Qazax, Ağstafa və Tovuz rayonlarında keçirilən görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kəndt Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. Payızlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti dekabrın 30-da başa çatır. Fermerlər EKTİS-də elektron müraciət formalaşdırmaq üçün öz əkinlərini bu tarixədək bəyan etməlidir. Dekabrın 30-dan sonra sistemə məlumatların daxil edilməsi mümkün olmayacaq və ilin sonuna kimi payızlıq əkinlərini bəyan etməyən fermerlər subsidiya almaq hüququnu itirəcəklər. Rəfael Quliyev fermerləri daha mütəşəkkil olmağa, son tarixi gözləmədən öz əkin məlumatlarını bəyan etməyə çağırıb.

Bildirilib ki, əkinlərini vaxtında bəyan edən və müraciətləri təsdiqlənən fermerlər payızlıq əkinlərə görə subsidiyanı fevral-mart aylarında alacaqlar. Subsidiyanı ilin əvvəlində alan fermerlər bu vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf edə biləcəklər.

Bəyan prosesində fermerlərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər və digər məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Bölgələrdə məlumatlandırma sessiyaları davam edir. Növbəti sessiya Şəmkir, Göygöl və Samux rayonlarında keçiriləcək.