Naxçıvanda bərpa mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb

Naxçıvanda bərpa mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb

Naxçıvanda Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə son illərdə muxtar respublikada kompleks tədbirlər həyata keçirilib, bu sahədə maddi-texniki baza möhkəmləndirilib və bu kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti artırılıb. Əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası daim diqqətdə saxlanılıb, onlar müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin ediliblər. Bu sahədə işlərin günün tələbləri səviyyəsində təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi istifadəyə verilib və hər iki mərkəz bütün zəruri tibbi avadanlıqlarla təchiz olunub.

Vurğulanıb ki, ötən müddət ərzində, bərpa müəssisələrinin uğurlu fəaliyyəti nəticəsində, son illərdə muxtar respublikadan kənarda reabilitasiya keçmək istəyən şəxslərin sayında azalma müşahidə olunub. Ötən il bərpa mərkəzlərində, ümumilikdə, 500-dən artıq şəxsin müalicə kursu qəbul etməsi təmin olunub ki, onların da 12 nəfəri ikinci Qarabağ müharibəsi iştirakçılarıdır.

Nazir qeyd edib ki, son illərdə bu müəssisələrdə həyata keçirilən müayinə və müalicə işinin həcminin artması və tibb sahəsindəki müasir yeniliklərin tətbiqi, həmçinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əlillik üçün müraciət edən şəxslərə qoyulmuş diaqnozların dəqiqləşdirilməsi məqsədilə mərkəzlərdə istismar müddəti bitmiş avadanlıqların yenisi ilə əvəz olunması, həmçinin xəstəliklərin müalicəsində effektiv olan yeni tibbi avadanlıqların alınması zərurəti yaranıb. Bu məqsədlə, mərkəzlərin fəaliyyət istiqamətlərinə uyğun olan və müvafiq xəstəliklərin müalicəsində effektiv ola biləcək tibbi avadanlıqların siyahısı müəyyən edilib və onların alınması üçün zəruri tədbirlər həyata keçirilib.

Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.

Bərpa mərkəzlərinin kollektivləri adından çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Yasin Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra yeni alınmış avadanlıqlara baxış olub, onların funksiya və göstəriciləri haqqında məlumat verilib.

Qeyd edək ki, yeni alınmış tibbi avadanlıqlardan Elektroensefaloqrafiya cihazı epilepsiya xəstəliyinin diaqnostikasında tətbiq olunur. Universal trenajor aparatı isə boyun bölgəsi, gövdə və sərbəst hissə əzələlərinin xəstəliklərinə bağlı yaranan zəifliyin və kontrakturların aradan qaldırılması baxımından müalicəvi əhəmiyyətə malikdir. Velotrenajor avadanlığı 1-ci dərəcəli osteoartrozlar, aşıq-daban oynağı xəstəlikləri, ayaq əzələlərinin parezi, həmçinin profilaktik məqsədlə əzələləri gücləndirmək üçün tətbiq edilir. Elektrostimulyasiya cihazının xüsusi elektrodları dəri səthi ilə təmasda olaraq, elektrostimulyasiya prosesini icra edir ki, nəticədə əzələ və sinir xəstəliklərində oyanmanı, spastik vəziyyətin aradan qaldırılmasını həyata keçirir. Bundan başqa Maqnitoterapiya, Mikrodalğa, Vakum terapiya aparatları, Ultrasəslə müayinə aparatı - USM, ENMQ, Amplipuls Lazerterapiya, Spirometriya, Hemoqlabin A1C analizatoru, Qulukometr, Ultrasəs terapiya cihazları və Ayaqaltı koordinasiya bir sıra xəstəliklərin müayinə və müalicəsində əhəmiyyətli rol oynayır. Bütün bu avadanlıqlar ən yüksək standartlara cavab verir və funksionallıq baxımından müasir texniki parametrlərə uyğundur.