Qazaxıstanda yaşanan son hadisǝlǝr

Qazaxıstanda yaşanan son hadisǝlǝr

2022-ci il beynǝlxalq siyasǝt baxımından böyük ǝhǝmiyyǝt kǝsb edir.

Qərblə Rusiya arasında bir müddətdir davam edən Ukrayna böhranı artıq 2022-ci ilin ən vacib məsələlǝrindǝn biri olub. Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında baş tutan sammitdǝ dǝ Ukrayna mǝsǝlǝsi hǝll yolunu tapmayıb. Əksinə, tǝrǝflǝrin verdiyi bəyanatlar Ukrayna böhranının daha da dərinləşəcəyini göstərib. NATO-nun verdiyi açıqlamada isǝ hələlik sülhün mümkün olmadığı, ancaq Ukrayna mǝsǝlǝsindǝ Rusiya ilə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib. Rǝsmi Moskva Ukraynanın onun üçün qırmızı xətt olduğunu vurğulayıb. Vladimir Putinin ABŞ-a təklif etdiyi şərtlərin yerinə yetiriləcəyi ehtimalı mümkün görünmür. Yeri gǝlmişkǝn qeyd edǝk ki, Qazaxıstanda da kritik ǝhǝmiyyǝtǝ malik proseslǝr yaşanıb. Benzin və maye qazın qiymətinin artırılması ilǝ başlayan nümayişlǝr qısa zamanda böhrana çevrilib və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım tələb edib. Təşkilat Qazaxıstanın çağırışına tez cavab verib və Qazaxıstana sülhmǝramlı qüvvə göndərib.

Bununla bağlı SİA professor Murat Yeşiltaşın ‘‘Qazaxıstanda yaşanan son hadisǝlǝr’’ başlıqlı mǝqalǝsini təqdim edir:

Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan Mərkəzi Asiya Respublikaları arasında ən parlaq ölkə olub. Balanslı xarici siyasǝt yürüdüb, iqtisadiyyatını gücləndirib, xarici investorların diqqǝtini cǝlb edib vǝ regional mövqeyini güclǝndirib. Nazarbayevin rəhbərliyi ilə sürətli şǝkildǝ inkişaf edǝn ölkə son zamanlar xüsusilə enerji sahǝsindǝ ön plana çıxaraq güclü ölkǝyǝ çevrilib.

Lakin ölkǝdǝ keçirilǝn nümayişlǝr Qazaxıstanın siyasi cəhətdən kövrək olduğunu göstǝrib.

Qazaxıstan inkişaf edǝn iqtisadiyyatına baxmayaraq ölkǝ ǝhalisinǝ müsbət təsir edəcək gəlir bölgüsü problemini həll edə bilməyib. Göründüyü kimi, bu problemlər qlobal pandemiya ilə daha ciddi şəkildə özünü büruzə verib. Bu sǝbǝbdǝn də nümayişlərin arxasında yatan əsas səbəb cəmiyyətin iqtisadiyyatdan daha çox gǝlir ǝldǝ etmǝk istəmǝsidir.

Qazaxıstan strateji əhəmiyyətinə görə Rusiyanın təsir dairəsində olan ölkədir. Digər tərəfdən Çin və Qazaxıstanın enerji sahǝsindǝ yaratdığı əlaqələr Rusiyanı narahat edən məsələ olaraq ön plana çıxmağa başlayıb. Digər tərəfdən, Qazaxıstanın Qərb dövlətləri ilə olan əlaqələri və Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasında fəal rol oynaması Moskva rəhbərliyinin diqqətini çəkib.

Qazaxıstanda baş verənlər 2021-ci ildə qurulan Türk Dövlətləri Təşkilatının ilk mühüm sınağı olub. Tǝşkilat toplantı keçirərək Qazaxıstan Respublikasının yanında olduğunu qeyd edib vǝ hər növ dəstəyin veriləcəyini bildirilib. Türk Dövlətləri Təşkilatı hǝlǝlik belə böhranlarda daha aktiv rol oynayacaq mexanizmə malik deyil. Bu səbəbdən Türk Dövlətləri Təşkilatının bu növ böhranlarda aparıcı rol oynamaq üçün zamana ehtiyacı var.

Qazaxıstandakı vǝziyyǝt nǝzarǝt altına alınsa da, bölgədə rəqabətin davam edəcəyi faktı regiondakı bütün ölkələr üçün ǝhǝmiyyǝtlidir. Bu sǝbǝbdǝn Türk Dövlətləri Təşkilatının üzǝrinǝ ciddi öhdǝliklǝr düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə