Məşhur Zile qalası və nadir Ballıca mağarası

Məşhur Zile qalası və nadir Ballıca mağarası

Tarixin müxtəlif dövrlərinə şahidlik edir, min illərin izlərini daşıyır Anadolu. Qalaları, sütunları, məscidləri, kilsələri, körpüləri, antik şəhərləriylə Anadolunun ilklərini bilmək maraqlıdır və buna dəyər.

SİA xəbər verir ki, Yuli Sezarın o məşhur "Veni, vidi, vici", yəni "Gəldim, gördüm, yendim" sözlərini bəlkə çoxunuz Tokatın Zile qəsəbəsində söylədiyini bilmirsiniz. Bax, belə bir coğrafiyada şəkillənib tarix.

Anadolunun birmənalı olaraq hər bölgəsi əsrlər, min illliklər boyu insanlar tərəfindən məskunlaşma yeri kimi seçilib. Bəşər övladına yaşamaq üçün lazım olan hər şey bu coğrafiyada vardır çünki.

Anadolunun ən qədim və mühüm mərkəzlərindən biri də Zile olub. Bu gün Türkiyənin Tokat rayonunun qəsəbəsi olan Ziledə bir zamanlar dövlətlər qurulmuş, imperatorluqlar hökm sürmüşlər. Mövqeyi etibarilə geosiyasi bir yerdə - Qaradənizlə İç Anadolunu bir-birinə bağlayan bir qovşaqdadır şəhər. İqlim və coğrafi xüsusiyyətləri insanların burada yaşaması üçün çox əlverişli olub. Bölgədə aparılan qazıntılar şəhərin Hititler dövründə mühüm yaşayış yerlərindən biri olduğunu göstərir. Hititlerdən sonra Frigiya izlərinə rast gəlinir Ziledə. Antik dövrün tarixçisi və coğrafiyaşünası Strabon Zilenin Assuriya imperatorluğunun kraliçası Semiramis tərəfindən qurulduğunu yazır.

Fars hakimiyyətinə girdiyi illərdə dini baxımdan da əhəmiyyətli bir mövqeyə çatır Zile. Fars Bərəkət tanrıçasına aid ən böyük məbədin bu şəhərdə tikilməsi bariz nümunədir. İlin müəyyən vaxtlarında böyük izdihamlar şəkilində təşkil edilən dini mərasimlər Zilenin iqtisadi cəhətdən də güclənməsini və strateji əhəmiyyətinin artmasını təmin edib. Buna görə də şəhər bir çox dövlətin ələ keçirmək istədiyi bir yer olub.

Hititler dövründən başlayan çəkişmələr Bizans imperatorluğuna qədər davam edib. Bu davalardan biri Roma imperatorluğu və Pontus krallığı arasında baş verən müharibə ilə nəticələnib və dünyada ən qısa məktubun yazıldığı yer olaraq tarixə düşüb. Roma imperatorluğunun məşhur siyasi lideri Yuli Sezar Pontus kralı Farnakeni Zile yaxınlığındakı döyüşdə məğlub etdikdən sonra zəfərini "Veni, vidi, vici", yəni "Gəldim, gördüm, yendim" deyə qısa və lakonik şəkildə ifadə edib. Bu sözlər Sezarın həm də qarşı tərəfə üstdən baxan mesajı, düşmənini kiçiltməsi, qələbəsinə vurğusu və ondan əvvəl Pontusu məğlub edə bilməyən əvvəlki Roma imperatorlarına bir söz eşitdirməsi idi.

Sezar müharibənin nəticəsini bu üç sözlə yazılan məktubla göndərir Romaya. Ölkədə bənzəri görünməyən zəfər paradı təşkil edilir, üzərində "Veni, vidi, vici" yazılan sikkələr basdırılır. Çox şey izah edən bu üç sözə həm də Zile qalasında rast gəlirsən. Sezar qələbəsini bildirən "gəldim, gördüm, yendim" sözlərini qaladakı bir abidənin üzərinə də yazdırıb. Tarixin ən qısa və mənalı məktubunu görmək istəyən yerli və xarici turistləri daha çox buna görə çəkir Zile qalası.

Zile qalası Anadoluda nadir rastlanan torpaq plomb qalalardan biridir. Onun kimi bir qala da var Zilenin bağlı olduğu Tokat rayonunda. "Qraf Drakula" əfsanəsi ilə bağlıdır bu qala. 1400-cü illərin ortalarında Əflak Bəyliyi şahzadəsi azad qalması qarşılığında oğullarını Osmanlı dövlətinə girov verir. Tokat qalasında 4 il girov saxlanılan qardaşlardan biri İslamı qəbul edir, digəri isə “şeytan”, “cəllad” və “payalı voyvoda” ləqəbli mərhəmətsiz düşmənə çevrilir. İnsanları işgəncə ilə öldürməsiylə tanınan III Vlad Drakula sonralar yaranan “Drakula əfsanəsi”ndəki Payalı Voyvodadır.

Tokat qalasında bərpa işləri zamanı şəhər mərkəzindəki gizli keçidlər və Əflak Bəyliyi şahzadəsi III Vlad Drakulanın zindanları aşkara çıxarılıb.

Türkiyənin Tokat rayonunda dünyanın tanınan mağaralarından da biri var. Pazar qəsəbəsindəki Ballıca mağarası təbii surətdə yaranan mağara kimi UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısına düşüb. Dünyada az rast gəlinən mağaralardandır Ballıca. Bu mağaranı maraqlı edən tavanından sallanan soğan şəkilli stalaktitlərdir. Bunlar mağarada həm çox sayda, həm müxtəlif ölçülərdə və rənglərdədir. Soğan şəkilli asılı stalaktitlər Türkiyədə yalnız bu mağaradadır.

Ballıca mağarasının içi bir-birindən fərqli, parlaq və göz oxşayan rənglərlə doludur. Mağaranın inciləri olan pərdə travertenlər və kristallaşmış əhəng daşları qəribə ölçü və rəng müxtəlifliyi ilə yad planet təsiri bağışlayır.

3,5 milyon yaşındakı Ballıca mağarasının 8 salonu turistlərin ixtiyarına verilib. Amma hələ öyrənilməyi gözləyən guşələri var bu yaşlı mağaranın. İçəridəki nəm nisbəti 50 faizdən yüksək olan bu mağarada saf oksigen vardır. Belə ki, həyatlarını oksigen balonu ilə davam etdirən xəstələr Ballıca mağarasında buna ehtiyac duymur. Mağara həm də xroniki obstruktiv ağciyər xəstəliyi, astma və bronxit xəstələrinin şəfa tapma məqsədiylə gəldiyi yerlərdəndir.