Nərimanov rayonunda “Gənclik yeni zəfərlərə doğru” mövzusunda forum keçirilib

Nərimanov rayonunda “Gənclik yeni zəfərlərə doğru” mövzusunda forum keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Gənclik yeni zəfərlərə doğru” mövzusunda forum keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Avrasiya Universitetində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin dekanı Salman Süleymanov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Tərcümə Kafedrasının müəllimi dosent Sevda Rzayeva, Vətən müharibəsi qaziləri Ağaməmməd Hacızadə, İlkin Məmmədzadə və Universitetinin tələbələri iştirak ediblər.

Natiqlər bildiriblər ki, respublikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqələndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi. Bu işi təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin fevral ayının 2-də keçirilən Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. 1997-ci il fevral ayının 1-də ulu öndər Heydər Əliyev 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Fərman imzalamışdır. Həmin vaxtdan 25 ildir ki, fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Ölkəmizdə gənclərlə bağlı böyük işlər, genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif layihələr, dövlət proqramları icra olunur. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət daşıyır. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Sonra çıxış edən Vətən müharibəsi qazisi Ağa Məmməd Hacızadə və Vətən müharibəsi iştirakçısı İlkin Məmmədzadə qeyd ediblər ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

Forumun sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi könüllülük fəaliyyətinə görə və “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə “Bakı Avrasiya” Universitetinin 10 nəfər fəal gənci mükafatlandırılıb.