Zurabişvili Saakaşvilinin azadlığa çıxmağını istəmir

Zurabişvili Saakaşvilinin azadlığa çıxmağını istəmir

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin əfv edilməsi ölkədə vəziyyəti pisləşdirəcək”.

“Qafazinfo” xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Əminəm ki, Saakaşvilinin əfv edilməsi kimi addım Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq”, - deyə Zurabişvili vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub. Hazırda məhkəmə onun barəsində 3 cinayət işini nəzərdən keçirir. Sözügedən işlər 2007-ci il 7 noyabrda etiraz aksiyasının dağıdılması, dövlət vəsaitlərini mənimsənilməsi və Gürcüstan sərhədini qanunsuz keçmə ilə bağlıdır.

Ölkənin müxalif partiyalarının bir hissəsi gürcü siyasətçini “siyasi məhbus” hesab edərək azad olunmasını tələb edirlər.