Vətən müharibəsi qazisi ilə görüş keçirilib

Vətən müharibəsi qazisi ilə görüş keçirilib

Sumqayıt, 14 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Abşeron rayon Mərkəzi Kitabxana Sisteminin 5 nömrəli Mehdiabad qəsəbə kitabxana filialında Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi qazisi Rza Rəcəbli ilə görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi və kitabxana oxucuları iştirak ediblər. Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabxananın müdiri, şair Aytən Təhmasib tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.

44 günlük Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər alan Qarabağ qazisi Rza Rəcəbli keçdiyi döyüş yolundan, özünün və yoldaşlarının göstərdikləri igidlikdən danışıb. O, dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Şəhid dostlarını hörmətlə xatırlayan qazimiz tədbir boyunca məktəblilərin və digər iştirakçıların suallarını cavablandırıb. Görüşdə məktəblilər şeirlər söyləyiblər.

Qeyd edək ki, R.Rəcəbli Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.