"Volkswagen" elektrik furqonlarını Obi-Van Kenobi və Dart Veyderə çevirib - Avtosfer.az

"Volkswagen" elektrik furqonlarını Obi-Van Kenobi və Dart Veyderə çevirib  - Avtosfer.az

Volkswagen şirkəti və Lucasfilm studiyası ID.Buzz elektrik miniveninin iki xüsusi versiyasını nümayiş etdiriblər. Xüsusi versiyalar “Obi-Van Kenobi” serialının çıxışının şərəfinə hazırlanıblar. ID.Buzz Light Side Edition sərnişin versiyası serialın baş qəhrəmanı Kenobini, ID.Buzz Dark Side Edition yük versiyası isə, “Ulduz müharibələri” kainatının məşhur antaqonisti Dart Veyderi təqlid edir.

Volkswagen və Lucasfilm arasında ilk əməkdaşlıq “Obi-Van Kenobi” mini-serialının buraxılışı ilə eyni vaxta təsadüf edir. Yeni serialdakı əhvalatlar “Ulduz müharibələri. Epizod III: Sithlərin qisası” filmindəki hadisələrindən 10 il sonra baş verir. Hər iki avtomobil ID.Buzz miniveninə əsaslanır, lakin onlardan biri Gücün işıqlı tərəfinin və Kenobinin, digəri isə, Qaranlıq tərəfin və müvafiq olaraq Dart Veyderin simvoludur.

ID. Buzz Light Side Edition elektromobilin sərnişin versiyasına əsaslanır. Onun kuzovu yapışqan örtüklə üzlənib və aşağı, bej hissəsi Obi-Van Kenobinin tunikasına bənzəməlidir. Xromla örtülmüş yuxarı hissə - “Ulduz Müharibələri” kainatındakı kosmik gəmiləri və droidləri, mavi optika və şüşələr isə, cedayların işıq qılınclarını xatırlatmalıdır. Yan arxa şüşələrdə və təkər topunun qapağında Rebel Alliance nişanları var.

ID. Buzz Dark Side Edition, öz növbəsində, “ceday” elektromobilinin əksidir. Birincisi, o, Buzz Cargo furqonuna əsaslanır, ikincisi, avtomobili bəzəmək üçün qara parlaq və tutqun örtüklərdən istifadə edilib, fənərlər və şüşələr isə, Dart Veyderin işıq qılıncının rənginə uyğun olaraq qırmızı rəngdə hazırlanıblar. 21-düymlük təkər diskləri də, şüşələr kimi, Qalaktika İmperiyasının emblemləri ilə bəzədiliblər.

“Ulduz” elektromobilləri satış üçün nəzərdə tutulmayıblar. Amma onlar bu il mayın 26-dan 29-a kimi Kaliforniyanın Anaheym şəhərində keçiriləcək Star Wars Celebration festivalında iştirak edəcəklər.

autograph.az