Dünya Kuboku: "Atletlərimiz turnirə çox yaxşı hazırlaşıblar" - Baş katib

Dünya Kuboku: "Atletlərimiz turnirə çox yaxşı hazırlaşıblar" - Baş katib

"66 ölkədən 705 idmançının iştirak etdiyi bu nüfuzlu yarışda atıcılar 30 növdə mübarizə aparırlar. Komandamız 36 idmançı ilə təmsil olunur".

Teleqraf.com xəbər verir ki, bunu bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Dünya Kuboku yarışı çərçivəsində keçirilən brifinqdə jurnalistlərə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib:

“Komandamızı 17-si oğlan, 19-u xanım olmaqla 36 idmançı təmsil edir. Atletlərimiz turnirə çox yaxşı hazırlaşıblar və güman edirik ki, yaxşı nəticələr göstərəcəklər. Nəzərə almaq lazımdır ki, pandemiyadan sonra komandamız tam formalaşmayıb. Amma idmançılarımız öz üzərlərində çalışırlar və nəticələrdə də irəliləyiş var. Ümid edirik ki, bu dünya kuboku da nəticələrin artmasında böyük rol oynayacaq”.

E.Cəfərov komandamızın üzvü Ruslan Lunyova böyük ümidlər bəslədiyini deyib: “Lunyov güllə atıcılığı üzrə bu il son dörd böyük turnirdə medal qazanıb. Qran-Pri yarışında 2 qızıl, 1 gümüş, dünya kuboku turnirində isə 1 gümüş medal qazanıb. Şübhəsiz, bu yarışda da ondan medal gözləyirik. Ondan başqa da komandamızda həm stend, həm də güllə atıcılığı üzrə potensiallı gənc idmançılar var. Düşünürük ki, onlar da yaxşı nəticələr göstərə bilərlər”.

E.Cəfərov növbəti Olimpiya Oyunlarına hazırlıqdan da danışıb. O, qeyd edib ki, son olimpiadada atıcılıq üzrə 2 lisenziya olub: "Paris Olimpiadasında onların sayının heç olmasa 2 dəfə artıq olmasını istəyirik".

Qeyd edək ki, yarışın birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kubokunda 36 idmançı təmsil edir. Onlardan 17-si oğlan, 19-u qızlardır.

Turnirdə idmançılar ümumilikdə, 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.