Deputat: Azərbaycanın multikulturalizm ənənələri və tolerantlıq siyasəti ölkəmizi dünyada tanıdan ən mühüm dəyərlər kimi qəbul olunur

Deputat: Azərbaycanın multikulturalizm ənənələri və tolerantlıq siyasəti ölkəmizi dünyada tanıdan ən mühüm dəyərlər kimi qəbul olunur

Bu gün ölkəmizin həyata keçirdiyi siyasət Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına, xalqların rifahı naminə əməkdaşlıq mühitinin yaradılmasına xidmət edir. Azərbaycanın multikulturalizm ənənələri, dini və etnik tolerantlıq siyasəti ölkəmizi dünyada tanıdan ən mühüm dəyərlər kimi qəbul olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin rahat, təhlükəsiz şəraitdə yaşaması, yaradılan birlik və həmrəylik mühiti dövlətimizin gücünü nümayiş etdirir.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yarandığını vurğulayan deputat bildirib ki, Azərbaycan 30 illik işğala son qoyub, Dağlıq Qarabağ münaqişəsini həll edib: “Postmünaqişə dövrünün əsas vəzifələrindən biri də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Hesab edirəm ki, bizim bugünkü reallıqlarımız, respublikamızdakı müxtəlif xalqlar arasındakı qarşılıqlı anlaşma, tolerantlıq və həmrəylik bu vəzifənin uğurla həyata keçiriləcəyinə əsas verən arqumentlərdəndir”.

Soltan Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin əsas istiqamətlərindən birini məhz multikulturalizm və dinlər arasında dostluq, qardaşlıq təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə milli azlıqların hüquqlarının ən yüksək səviyyədə təmin olunması ilə bağlı həyata keçirilən layihələrə, təşəbbüslərə böyük dəstək göstərir. “Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Amerika Birləşmiş Ştatları və İsrailin ölkəmizdəki səfirlikləri, Dağ Yəhudilərinin İrsi Mərkəzinin birlikdə həyata keçirdiyi “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” belə nümunələrdən biridir. Layihənin başlanması ilə əlaqədar təşkil olunan tədbirdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer belə bir fikri xüsusi olaraq vurğuladı ki, Azərbaycan, ABŞ və İsrail bayraqları dini tolerantlıq və multikulturalizm siyasətinin əsas qayəsi, istiqaməti seçən ölkələri təmsil edir. Hesab edirəm ki, bu Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini yüksək səviyyədə qorunduğunun bir fakt kimi dünya tərəfindən qəbul edildiyinə əyani sübutdur”.

Deputat qeyd edib ki, Azərbaycan ərazilərində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının mümkünsüzlüyünə dair yanlış təsəvvür yaratmaq istəyənlər əslində öz xalqlarını yeni fəlakətlərə sürükləyən, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına maneə yaratmağa çalışanlardır. “Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir”.

Bu gün dünyanın sürətlə dəyişdiyini, yeni qlobal çağırışların, yeni təhdidlərin meydana çıxdığını bildirən deputat hesab edir ki, bu çağırışlara hazırlaşmaq, mövcud çətinliklərə və gözlənilən təhlükələrə qarşı müqavimət göstərməyin ən yaxşı yolu əməkdaşlıq, qarşılıqlı anlayış və dialoqdur.