Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi tərəfindən qəbul keçirilib. Qəbulda Çexiya parlamentinin deputatları, Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri, bu ölkənin sabiq Baş naziri Petr Neças, Çexiya Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarının, siyasi partiyaların nümayəndələri, habelə Çexiyada akkreditə olunmuş 40-dan artıq diplomatik nümayəndəliyin rəhbərləri və əməkdaşları, ictimaiyyətin görkəmli simaları və soydaşlarımız iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 200-də artıq qonağın iştirak etdiyi tədbirdə, əvvəlcə Çexiya və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Təntənəli şəkildə təşkil olunan qəbul mərasimi rəsmi və bədii hissədən ibarət olub.

Rəsmi hissədə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Adış Məmmədov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri və dövlət müstəqilliyimizin bərpası barədə geniş məlumat verib. Səfir bu gün Avropanın yüksək demokratik dəyərlərin hakim olduğu əksər dövlətlərinin o dövrdə qadınlara parlament seçkilərində iştirak hüququ vermədiyi halda, Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara bu hüququ təmin etdiyini qeyd edib və Azərbaycan cəmiyyətinin çoxmillətli və fərqli dinlərin mövcud olduğu tolerant bir cəmiyyət olduğunu diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbənin dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını ifadə edən səfir, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycanın yeni dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri üçün yeni səhifə açmaq istəyini qeyd edib. Azərbaycan hökumətinin artıq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması layihələri üzərində işlədiyini vurğulayan A.Məmmədov, işğal müddəti ərzində Ermənistan tərəfindən dağıdılmış Azərbaycana aid yüzlərlə mədəni və dini irs nümunələrinin bərpa edildiyini, yeni infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfir A.Məmmədov Azərbaycan və Çexiya arasındakı münasibətlər haqqında da danışıb. İki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa söykəndiyini qeyd edən səfir, Azərbaycanın Cənubi Qafqazda Çexiyanın ən böyük ticarət tərəfdaşı olduğunu, 2015-ci ildə Prezident Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə iki ölkə arasındakı münasibətlərin yeni bir müstəviyə - strateji tərəfdaşlıq müstəvisinə keçdiyini vurğulayıb. Sonda A.Məmmədov bu ilin iyul ayından başlayaraq Çex Respublikasının Avropa İttifaqı Şurasına sədrlik edəcəyini xatırladaraq, Çexiya tərəfinə uğurlar arzulayıb və Çex hökumətinin Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə dövlət müstəqilliyimizin bərpası tarixinə dair, habelə 44 günlük Vətən müharibəsi və ölkəmizin hərbi qüdrətini tərənnüm edən, eləcə də Azərbaycanın zəngin mədəniyyətini və görməli yerlərini əks etdirən video-çarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra mərasim rəngarəng bədii proqramla davam edib. Azərbaycandan dəvət edilmiş caz ifaçıları, əməkdar artist, bəstəkar Rain Sultanov (saksafon) və pianoçu Əfqan Rəsul, Plzen Konservatoriyasında təhsil alan, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli tərəfindən ifa edilən musiqi nömrələrinin sədaları altında qonaqlara Azərbaycan milli mətbəxinin nemətləri təqdim olunub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa