Mərakeş mətbuatında “Nəhəng və əzəmətli Azərbaycan” başlıqlı məqalə dərc olunub

Mərakeş mətbuatında “Nəhəng və əzəmətli Azərbaycan” başlıqlı məqalə dərc olunub

Mərakeşin “Asvat” qəzetinin elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Nəhəng və əzəmətli Azərbaycan” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlı olduğu bildirilir. Azərbaycan cəmiyyəti dövlətimizin başçısı İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görür və ona böyük etimad göstərir. Dövlətimizin başçısının intellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu günü və sabahına sonsuz, sarsılmaz sədaqəti onu hər kəsə sevdirib.

Vurğulanır ki, Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modelini təqdim edib. Müəllif qeyd edir ki, dövlətimizin başçısı milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə, intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdı. O, “neft kapitalını intellektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.

“Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. Xalqın inamına arxalanan Azərbaycan Lideri möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa Prezident İlham Əliyevin fenomenal diplomat və bacarıqlı siyasətçi kimi uğurlu siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Prezident İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır”, - deyə məqalədə bildirilir.

Həşim Məmmədov məqaləsinin sonunda vurğulayır ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat