“Rabitəbank”ın yarım milyonunu mənimsəyən sabiq xəzinədar yenidən məhkəmə qarşısında

“Rabitəbank”ın yarım milyonunu mənimsəyən sabiq xəzinədar yenidən məhkəmə qarşısında

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının sabiq xəzinədarı Cəfər Sadıqzadə yenidən məhkəmə qarşısına çıxarılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, iki instansiya məhkəməsinin qərarından narazı qalıb və keçmiş bank əməkdaşı bu dəfə üzünü Ali Məhkəməyə tutub.

C.Sadıqzadə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayət hakim İlqar Qılıcovun icraatına verilib. Artıq ilkin baxış iclası da keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses iyun ayında olacaq.

Qeyd: "Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Sadıqzadə Cəfər Ceyhun oğlu 2021-ci il aprelin 20-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla C.Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilən kassadan ümumilikdə 563 min manat və 1 300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra C.Sadıqzadə şübhəli şəxs qismində tutulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sadıqzadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra kemiş bank əməkdaşı hökmdən narazı qalıb və o, apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Sadıqzadənin apellyasiya şikayəti təmin olunmayıb. O, həbsdə saxlanılıb.

Kamal Məmmədov