Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Polşanın Turizm Palatası turizm əlaqələrini genişləndirir

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Polşanın Turizm Palatası turizm əlaqələrini genişləndirir

Mayın 28-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Polşa Respublikasının Turizm Palatası arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memarandomu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən iki ölkənin turizm təşkilatı birgə fəaliyyət göstərərək Azərbaycanla Polşa arasında turizm əlaqələrinin genişləndirilməsinə və inkişafına, qarşılıqlı turist səfərlərinin sayının artırılmasına, birgə infoturların təşkil olunmasına, eləcə də təcrübə mabadiləsinin həyata keçirilməsinə dəstək olacaqlar.

Polşa Respublikasının Bakıdakı səfirliyində keçirilən görüşdə Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev tədbir iştirakçılarına Azərbaycandakı Polşa mədəni irsi, ölkənin turizm imkanları, turizm marşrutları, işğaldan azad olunan Qarabağ bölgəsinin turizm potensialı haqqında ətraflı məlumat verib. Rüfət Hacıyev tarixi və mədəni əlaqələr baxımından Azərbaycanın polşalı turistlər üçün cəlbedici turizm destinasiyası olduğunu diqqətə çatdırıb.

Azərbaycan və Polşa respublikaları arasında xoş və mehriban əlaqələrin mövcud olmasından məmunluğunu bildirən Polşa Respublikasının Turizm Palatasının vitse-prezidenti Dariuş Vojtal bir çox sahələrdə olduğu kimi, turizmdə də əlaqələrin genişləndirilməsində və inkişafında ölkəsinin maraqlı olduğunu qeyd edib. O, bu gündən etibarən “LOT Polish Airlines” şirkətinin Varşava-Bakı marşrutu üzrə müntəzəm uçuşlara start verdiyini bildirib. Dariuş Vojtal Polşanın turizm sahəsində əldə etdiyi təcrübəsini Azərbaycanla hər zaman bölüşməyə hazır olduğunu deyib.

Görüşdə ATAA ilə Polşanın Turizm Palatası turizm sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.