Lənkəranda “Müstəqilliyimizin Şuşa zirvəsi” adlı tədbir təşkil olunub

Lənkəranda “Müstəqilliyimizin Şuşa zirvəsi” adlı tədbir təşkil olunub

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimizin Şuşa zirvəsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, tələbələr, şəhər sakinləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Ş.Şahbazov qeyd edib ki, Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və müsəlman Şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020–ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etdi. Artıq Azərbaycan ikinci ildir ki, 28 May – Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.

Çıxış edən Mədəniyyət Mərkəzinin direktor əvəzi Habil Əliyev qeyd edib ki, 28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhəfələrdən biridir.

Tədbirin bədii hissəsində “Səs Azərbaycan” müsabiqəsinin finalçısı Emil Tağıyev, Sütəmurdov kənd Diyarşünaslıq klubunun mədəni-təşkilatçısı Mətanət Babayeva, Aşağı Nüvədi Sənətkarlıq klubunun müdiri Vüsal Bağırov, Hirkan qəsəbə Yaradıcılıq Evinin müdiri Elçin Paşayev, Ürgə kənd Yaradıcılıq Evinin bədii rəhbəri Elgün Əlizadə, Separadi kənd floklor evinin Nənələr xalq folklor kollektivi, Mədəniyyət Mərkəzinin Babalar xor kollektivi, Ay lolo mahnı və rəqs qrupu, Səpnəkəran kənd sənətkarlıq klubunun müdiri Kamran Bağırlı çıxış ediblər.

Sonda iştirakçılar Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin şagirdlərinin hazırladığı vətənpərvərlik haqqında rəsm əsərləri ilə tanış olublar.