Həbs edilən “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev AXTARIŞDA OLUB

Həbs edilən “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev AXTARIŞDA OLUB

Baş Prokurorluq bu adamdan şikayətçi olanların onlara müraciət etməsini istəyir

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin zabiti olmuş Zahid Niftəliyev həbs edilib. O, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunur. Bu cinayət işinin istintaqı Hərbi Prokurorluqda aparılır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Zahid Niftəliyev haqqında cinayət işi xeyli əvvəl başlanıb. Lakin o, istintaqdan yayındığına görə barəsində axtarış qərarı çıxarılıb. Mayın 27-də saxlanılan Zahid Niftəliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarı Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Zahid Niftəliyevin həbs olunması xəbərini Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. Baş Prokurorluq eyni zamanda, onunla bağlı vətəndaşlara müraciət edib. Bu şəxsdən şikayətçi olanların Hərbi Prokurorluğa müraciət etməsi tövsiyə olunub.

Zahid Niftəliyevin Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, general Nəcməddin Sadıkovun yaxın adamı olduğu bildirilir.

66 yaşlı Nəcməddin Sadıkov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb.

"Lakin Z.Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və 27 may 2022-ci il tarixdə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi 0502952323)", - məlumatda qeyd edilib.

Zahid Niftəliyevin ona qarşı irəli sürülmüş ittihamlara münasibəti məlum deyil.

Meydan TV əməkdaşı Həbib Müntəzirin araşdırması ilə məlum olub ki, əslən siyəzənli olan “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkov sayəsində qısa zamanda evlə təmin olunub. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib.

Nəcməddin Sakıqovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilir:

Araşdırma ilə üzə çıxıb ki, o, Qəbələ rayonunun Vandam kəndinin girəcəyində özünə böyük həyəti olan evi tikdirib. Bundan başqa, Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var. Həmçinin Yasamalda, “Su Doldurma Məntəqəsi”nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili, “Həzi Aslanov” metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi, Siyəzəndə böyük villası, Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil var.

Zahid Niftəliyevin öz adına “ŞAHİN-CO” MMC və oğlu Həzrət Niftəliyevin adına olan “Həzrət” MMC şirkətləri də mövcuddur.