Paşinyan 8 kəndi Azərbaycana qaytarmasa... - NƏ ETMƏLİ?

Paşinyan 8 kəndi Azərbaycana qaytarmasa... - NƏ ETMƏLİ?

Ermənistan işğal altında saxladığı səkkiz kəndi Azərbaycana qaytarmaqdan imtina edir.

Söhbət Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək rayonunun Kərki kəndlərindən gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycan Prezidenti ilə mayın 22-də Brüsseldə keçirilən görüşündə anklavlar məsələsini müzakirə etmədiyini deyib. Paşinyan bildirib ki, Azərbaycan tərəfi müxtəlif formatlarda bu və ya digər şəkildə açıq və gizli şəkildə anklavlarla bağlı məsələ qaldırır.

“Bizim mövqeyimiz belədir. Belə məsələlərdə biz hüquqi əsasları diqqətlə öyrənirik. Biz bildirmişik ki, ən azı hələlik Ermənistan ərazisində de-yure Azərbaycan anklavlarının olduğunu təsdiqləyən hüquqi əsas tapmamışıq. Əksinə, biz qeyd etmişik ki, Başkənd de-yure Ermənistanın ərazisidir”.

O əlavə edib ki, rəsmi Bakı anklavlar məsələsini qaldırsa da, İrəvanın bu məsələdə dəqiq mövqeyi var. Paşinyan Ermənistan hakimiyyətinin xalqın arxasından iş görmək niyyətində olmadığını deyib. Baş nazirin açıqlaması Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair Brüsseldə əldə olunmuş razılaşmaların pozulmasına səbəb ola bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin adından yayılmış yekun bəyanatda anklavlar məsələsinə toxunulmasa da, tərəflərin sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəldiyi və birgə komissiyanın yaxın günlərdə işə başlayacağı öz əksini tapıb. Brüsseldən qayıtdıqdan dərhal sonra həm Azərbaycanın, həm də Ermənistanın delimitasiya komissiyasındakı üzvlərini təyin etməsi və bu yöndə Baş nazirin müavinləri səviyyəsində ilk görüşün baş tutması işğal altındakı kəndlər məsələsinin də öz həllini tapacağına müəyyən ümidlər yaratdı.

Çünki həmin ərazilər Azərbaycana qaytarılmadan nə sülh prosesinin reallaşması, nə də sərhədlərin delimitasiyası və demarkasiyası mümkündür. İlk növbədə, sözügedən səkkiz kənd işğal olunmuş ərazilərdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün həmin torpaqlardan öz qoşunlarını qeyd-şərtsiz çıxartmalıdır. Əks təqdirdə, Ermənistan işğalçı ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmuş olur. Belə olan halda, heç bir sülhdən söhbət gedə bilməz. Hətta Ermənistanın işğalda saxladığı kəndləri qaytarmaq istəməməsi gələcəkdə növbəti müharibə üçün səbəbə çevrilə bilər.

İkincisi, səkkiz kəndin işğalda qalması sərhəd komissiyasının fəaliyyətini də pozacaq. Çünki tərəflərin ortaq məxrəcə gələ bilməməsi bir neçə gün öncə Brüsseldə razılaşdırılmış prinsiplərin aradan qalxması deməkdir. Onu da qeyd edək ki, dövlət komissiyanın tərkibinə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini və Qazax Rayon İcra Hakimiyyətinin başçısı da daxildir. Həmin şəxslərin sözügedən heyətə daxil edilməsi yalnız Naxçıvan MR-nın və Qazax rayonunun Ermənistanla həmsərhəd olması ilə bağlı deyil. Eyni zamanda Qazaxın yeddi kəndinin və Sədərək rayonunun Kərki kəndinin qaytarılması məsələsində əsas məsul şəxslər kimi adları çəkilən komissiya üzvləri iştirak edəcəklər. Yaxın günlərdə birgə komissiyanın Moskvada nəzərdə tutulan müzakirələrinin perspektivi də çox güman ki, məhz səkkiz kəndin işğalı məsələsinə Ermənistanın yanaşmasından asılı olacaq.

Görüşün Moskvada keçirilməsinin əsas səbəbi böyük ehtimalla delimitasiya prosesində sovet dövrünə aid xəritələrdən istifadə olunması ilə bağlıdır. Hansı dövrün əsas götürülməsinə baxmayaraq, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən tərtib edilmiş bütün topoqrafik xəritələrdə həmin kəndlər Azərbaycan ərazisi kimi göstərilir.

Qeyd edilən ərazilər, məhz Birinci Qarabağ müharibəsi illərində işğal olunub. Ona görə də Paşinyanın Ermənistan ərazisində, guya Azərbaycana məxsus anklavların mövcudluğuna dair hüquqi əsasın olmadığı barədə səsləndirdiyi fikirlər daha çox siyasi blef kimi qiymətləndirilə bilər. Çox güman ki, Paşinyan Gədəbəy rayonunun Başkənd kəndini de-yure Ermənistan ərazisi adlandırmaqla anklavlar məsələsini siyasi bazarlığa çıxartmaq, yəni ərazi mübadiləsinə nail olmaq istəyir. Rəsmi İrəvan anklavların qaytarılması müqabilində strateji mövqedə yerləşən Başkəndin Ermənistana verilməsini təklif edir. Halbuki, Başkənd işğal olunmuş ərazi deyil. Həmin ərazi 1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra qanunsuz olaraq Ermənistana verilib. Həmin dövrə və ondan əvvəlki illərə aid bütün xəritələrdə Başkənd Azərbaycan ərazisi kimi göstərilir. Bu baxımdan, Azərbaycanın anklavları dəyişdirmək yolu ilə öz ərazisini təkrar Ermənistana verməsi siyasi və hüquqi məntiqə sığmayan təklifdir. Əksinə, rəsmi İrəvan 1960-1970-ci illərdə Gədəbəy rayonundan qanunsuz olaraq qoparılıb Ermənistana verilmiş minlərlə hektar torpaq sahələrini, o cümlədən Tağlar kəndini Azərbaycana qaytarmalıdır. Məsələyə Paşinyanın məntiqi ilə yanaşılsa, o halda, Azərbaycan tarixi torpağı olan Zəngəzura iddiasından imtina etməlidir. Əgər azərbaycanlılar Zəngəzura buraxılmırsa, Azərbaycan da ermənilərin Başkənd üzərində saxta hüququnu tanıya bilməz.

Eyni zamanda Ermənistan məğlub və kapitulyasiya aktına imza atmış ölkə kimi şərtləri diqtə etmək, Azərbaycandan ərazi tələb etmək hüququna malik deyil. Ancaq Paşinyanın açıqlaması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yalnız Qarabağla kifayətlənmədiyini göstərir.