Antonov ABŞ-a səsləndi: "Ukraynaya bu silahları göndərməyin"

Antonov ABŞ-a səsləndi: "Ukraynaya bu silahları göndərməyin"

Rusiya tərəfi ümid edir ki, "sağlam düşüncə qalib gələcək" və ABŞ Kiyevə uzaqmənzilli raket silahları göndərməyəcək.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov medianın sualını cavablandırarkən deyib.

"Belə məlumatlar diqqətlə yoxlanılmalıdır. Hazırda biz Pentaqonun sözçüsü Con Kirbinin bu məsələ ilə bağlı yekun qərarın verilmədiyi barədə bəyanatından çıxış edirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və Vaşinqton belə bir təxribatçı addım atmayacaq", - deyə rusiyalı diplomat bildirib.

O vurğulayıb ki, Rusiya Federasiyası diplomatik kanallar vasitəsilə dəfələrlə Vaşinqtona məlumat verib ki, "Ukraynaya misli görünməmiş silahlarla təchiz edilməsi münaqişənin gərginləşməsi riskini xeyli artırır". "Amerikalılar yaxşı bilirlər ki, onların hərəkətləri sülhə nail olmaq perspektivlərini ləngidir. Birləşmiş Ştatlar getdikcə Ukrayna böhranına cəlb olunur. Bu, qlobal təhlükəsizlik üçün gözlənilməz nəticələrlə doludur. Biz respublikaya mənasız və son dərəcə riskli silahların göndərilməsinə son qoymağa çağırırıq. Bizə qarşı təhdidlərdən və Ukraynanın hərbi qələbəsi ilə bağlı bəyanatlardan imtina etmək vacibdir", - Rusiya səfiri bildirib.

ABŞ administrasiyasının gələn həftə elan ediləcək növbəti yardım paketinin bir hissəsi olaraq Ukraynaya çoxlu raket sistemi göndərmək qərarına gəldiyini The New York Times daha əvvəl mənbələrə istinadən xəbər verib. Nəşrin məlumatlarına görə, yəqin ki, söhbət M31 GMLRS qurğularından gedir. Onların atəş məsafəsi, döyüş sursatından asılı olaraq, 70 ilə 500 km arasındadır. Belə qurğular atəşi peyklərdən düzəldən idarə olunan raketlərlə təchiz oluna bilər. Mənbələrin sözlərinə görə, əlavə hərbi yardım paketlərinə HIMARS təkər sistemləri də daxil ola bilər.

"Bu cür silahların Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcəyi və ukraynalıların Rusiya şəhərlərinə zərbələr endirmək imkanı əldə etmək riski var. Belə bir vəziyyət bizim üçün qəbuledilməzdir. Əminəm ki, silahlı qüvvələrimiz silahların ləğvi üçün lazımi addımlar atacaq", - Antonov qeyd edib.

"Münaqişəyə mümkün qədər tez son qoymaq üçün Vaşinqton və Kiyev reallığı tanımalıdır. Bu, siyasi nizamlanma yolu ilə irəliləməyə və beynəlxalq sabitlik sahəsində vəziyyətin pisləşməsinin qarşısını almağa imkan verəcək", - diplomat yekunlaşdırdı.

Aslan Məmmədov
Milli.Az