Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub

Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif ediliblər. Təltif olunanlar arasında naxçıvanlılar da az deyil. Naxçıvan şəhərində, Babək, Ordubad və Sədərək rayonlarında həmin medalların və onların vəsiqələrinin Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə təqdim edilməsi ilə bağlı tədbirlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu sahəsində işlər uğurla həyata keçirilir. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən həyata keçirilən mühüm tədbirlər şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olub.

Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Vətən müharibəsi Qələbə ilə başa çatdı. Müharibədə iştirak edən Naxçıvan şəhərindən olan zabit, gizir və əsgərlərimiz də bu savaşda böyük qəhrəmanlıqlar göstəriblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçıları – leytenant Hüseyn Məmmədov “Suqovuşanın azad olunmasına görə”, əsgər Elçin Rzayev və əsgər Azər Sadıxov isə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin üç minə yaxın hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlib, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15-i isə Naxçıvan şəhər qeydiyyatında olub.

Sonra medallar təqdim edilib.

Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

X X X

Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsində düşməni diz çökdürən ordumuz ölkəmizin qüdrətini bütün dünyaya sübut etdi. Bu gün ərazi bütövlüyümüz uğrunda canından keçmiş Vətən övladlarına, şəhid ailələrinə, qazilərə, həmçinin müharibə iştirakçılarına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.

Daha sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş kiçik çavuş Əli Alməmmədova və “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Seymur Babayevə medalları təqdim edilib.

Ordubad Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər Vətən oğullarının qəhrəmanlığından söhbət açaraq onların göstərdiyi igidlik və şücaətin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini və şəhidlərimizin heç vaxt unudulmayacağını bildiriblər.

Daha sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid kapitan Ülvi Hüseynovun medalı və vəsiqəsi atası Möhsün Hüseynova, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş ehtiyatda olan şəhid əsgər Xəyaləddin Məmmədovun medalı atası Əziz Məmmədova, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş ehtiyatda olan əsgər Elman Məmmədəliyevin medalı və vəsiqəsi təqdim olunub.

Sədərək rayonunda keçirilən tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin rəisi, mayor Nüsrət Vəliyev bildirib ki, illər uzunu düşmənin tapdağına məruz qalan torpaqlarımız mərd oğulların fədakarlığı nəticəsində işğaldan azad edildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunan şəhid Tağı Abdullazadənin nümayiş etdirdiyi qəhrəmanlıq da gələcək nəsillərə örnəkdir.

Daha sonra şəhidin medalı və vəsiqəsi atası İlham Abdullazadəyə təqdim olunub. Şəhid atası bütün şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.