Qafqaz – rus əsiri: Kreml bölgədə əbədi münaqişə ocaqları istəyir

Qafqaz – rus əsiri: Kreml bölgədə əbədi münaqişə ocaqları istəyir

Rusiyanın Qarabağ münaqişəsinin həllinə imkan vermək istəmədiyi, bunda maraqlı olmadığı yeni söhbət deyil, bu barədə ötən əsrin 90-cı illərində də danışır, yazırdılar.Ancaq bu gerçəyin bu qədər bariz şəkildə ortada olması, az qala təkzibedilməz fakt kimi boy göstərməsi indiyədək müşahidə olunmurdu. Artıq kartlar tam açıq oynanılır, tərəflər münaqişənin həllində tutduqları mövqeni diplomatik ifadələrlə pərdələməyə çalışmır.Azərbaycan tərəfi də, Ermənistanın indiki rəhbərliyi də son ilyarımda intensivləşən danışıqlarda konfliktin həllində maraqlı, israrlı görünürlər. Avropa dövlətləri və üstqurum təşkilatları da münaqişənin bitməsinə real töhfələr vermək fikrindədirlər. Yalnız Rusiya dirəşir, sülh prosesini pozmağa çalışır.Bu təkcə rusiyalı siyasətçilərin və diplomatların Qarabağ münaqişəsi barədə verdikləri qeyri-konstruktiv açıqlamalarla müşayiət olunmur. Rusiya dövlətinin başçısı Vladimir Putin də hər dəfə ortaya müvafiq mövqe qoyur. Avropanın sülhyaratma təşəbbüsləri çərçivəsində keçirilən görüşlərdən sonra o, Ermənistan lideri Paşinyanı Moskvaya dəvət edir, təzyiq göstərir və baş nazir ölkəsinin paytaxtına qayıdandan sonra sülh yolundan sapmağa dəlalət edən açıqlamalar verir. Paralel olaraq, Rusiyaya güvəndikləri açıq-aşkar olan erməni müxalifətinin etirazları güclənir.Əgər Ermənistan müxalifəti bu günlərdə Paşinyanı devirə bilsə, bu, Qarabağ münaqişəsinin çözülməsi planının iflasa uğraması, konfliktin daha 20-30 il uzanması demək olacaq.Ən maraqlısı odur ki, Rusiya bir dəfə sülh prosesini Ermənistanın üstün olduğu vaxtlarda – 1998-1999-cu illərdə pozub. O vaxt tərəflərin razılaşmaq üzrə olduqları sülh sazişi daha çox Ermənistana sərf edirdi, ancaq əvvəlcə sülhdən, qarşılıqlı güzəştlərdən danışan prezident Levon Ter-Petrosyan istefaya məcbur edildi, sonra, 1999-cu ilin oktyabrında isə Ermənistan parlamentində qətliam törədildi, “sülh partiyası”nın lideri Karen Dəmirçiyan başda olmaqla nazirlər, deputatlar öldürüldü. Beləcə, sülh danışıqları arxa plana atıldı.Kreml indiki mövqeyi ilə göstərir ki, o, bu münaqişənin nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə bitməsini istəmir. Moskva münaqişənin sürəkli, bəlkə də daimi olmasını istəyir, buna çalışır və artıq niyyətini gizlətmir.Çünki bölgələrdə bu tip lokal və etnik münaqişələr davam etdikcə, Rusiya savaşan tərəflər üzərində öz təsir rıçaqlarını qoruyub saxlayır, bölgələrdə hərbi mövcudluğunu təmin edir. Əgər Ermənistan və Azərbaycan bu tezlikdə sülh sazişi bağlasalar və dinc, yanaşı yaşamağa başlasalar, mədəni, siyasi, ticarət əlaqələrini bərpa etsələr, regionda rus əsgərinə və rus diplomatlarına ehtiyac olmayacaq.Bir biz deyilik, Rusiya postsovet məkanının çox hissəsində bu cür münaqişə ocaqları yaradıb və vaxtaşırı onların üstünə odur atır ki, ocaq öz-özünə qorlanıb, küllənib sönməsin. Gürcüstanda abxaz və osetin “tonqalı”, Moldovada Dnestryanı “manqal”ı bu qəbildəndir. 8 ildən bəridir Ukraynada da Donetsk, Luqansk “ocağı” vardı, böyüyüb bölgəni bütövlükdə saran yanğına çevrilib.Qazaxıstanın şimalındakı “tonqal”ın hər dəm-dəsgahı hazırdır, Kremlin bir işarəsi ilə yerli ruslar kibritə əl atacaqlar.Qırğızıstan və Tacikistan artıq üz-üzə qoyulub, sərhədlərində vaxtaşırı yüngülvari atışmalar baş verir. Münaqişə şiddətlənsə, bir gün “rus süıhməramlıları”nın hərbi texnika karvanı “Manas” aeroportuna enəcək.Özbəkistanın “közərən” Əndicanı ilə yanaşı, hələ “başlayın” əmri almayan taciklərin kompakt yaşadığı Səmərqəndi var, özbək liderlər Kremlə dirsək göstərsələr, gözlərinin qarşısında “rus-tacik yumruğu” görəcəklər.Bəli, artıq hamıya əyan olub ki, rus neo-imperialistləri postsovet məkanındakı separatçılıq hərəkatlarından, etnik münaqişələrdən öz nəhəngliyini bərpa etmək, təsir dairəsini genişləndirmək üçün yararlanmaq istəyir. Ona görə də, prinsipcə, yaxın ətrafdakı yeni müstəqil dövlətlərdə siyasi sabitliyin olmasını istəmir.Bir anlıq təsəvvür edək ki, Azərbaycan və Ermənistan heç bir münaqişəyə girmədən müstəqillik qazansaydılar, bu qədər itki verməsəydilər, müdafiə xərclərinə milyardlarla pul xərcləməsəydilər, indi hansı durumda olar, necə sürətli tərəqqi edərdilər... Təsəvvür etmək çətindir, amma burası yəqindir ki, hər iki ölkənin xalqı indikindən 5 dəfə yaxşı, qorxu-ürküsüz yaşayardı.Cənubi Qafqaz 200 ildir ki, rus imperializminin əsiridir.