Atıcılıq Federasiyasının baş katibi: “Ruslandan medallar gözləyirik”

Atıcılıq Federasiyasının baş katibi: “Ruslandan medallar gözləyirik”

Bu gün Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, mərasimdə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov jurnalistlərin suallarını cavablandırıb.
"Gördüyünüz kimi bu gün açılış mərasimi oldu. Dünya Kubokunda 66 ölkədən 705 idmançı iştirak edir. Atıcılığın 30 növü üzrə yarışlar keçiriləcək. Qarışıq komanda və şəxsi növlər iştirak edir.
- Öz komandamızın perspektivlərini necə görürsünüz?
- Dünya Kubokunda Azərbaycanı 37 idmançı təmsil edəcək. Onlardan 17-si oğlan, 19-u qızdır. Komandamız bu yarışa çox yaxşı hazırlaşmışdı. Güman edirik ki, yaxşı nəticələr göstərə biləcək. Pandemiyadan sonra komandamız tam formalaşmayıb. Uşaqlar öz üzərlərində işləyir və nəticələrində artım var. Ümid edirik ki, bu yarış nəticələrimizin daha da yaxşılaşmasına köməklik göstərəcək.
- Ən çox hansı idmançımızdan nəticə gözləyirsiniz?
- Hazırda əsas idmançımız Ruslan Lunyovdur. Bu il 4 böyük turnirdə medal qazanıb. Qran-pri yarışlarında 2 qızıl, 1 gümüş, Dünya Kubokunda isə 1 gümüş medalı var. Ona görə də, sözsüz, Ruslandan medallar gözləyirik. Ona ümidimiz böyükdür. Əlavə olaraq stend atıcılığında gənc idmançılarımız var ki, yaxşı nəticə göstərə bilərlər.
- Parisdə keçiriləcək Olimpiadaya neçə lisenziya qazana bilərik?
- Konkret idmançıları demək çətindir. Çox idmançılarımızdan lisenziya gözləyirik. Son Olimpiadada həm stend, həm də güllə atıcılığında 2 lisenziyamız vardı. Parisdə keçiriləcək oyunlarda heç olmasa bu sayı 2 dəfə artırmaq istərdik. Hər növdə ən azı 2 lisenziya qazanmağa çalışacağıq.
Səbuhi Həsənov