“Stalin repressiyasından qorxmayıb əsərlərinin altında Rəfibəyli imzasını fəxarətlə qoymuşdu“

“Stalin repressiyasından qorxmayıb əsərlərinin altında Rəfibəyli imzasını fəxarətlə qoymuşdu“

“Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatının, poeziyasının istedadlı nüyaməndələrindən biridir. Hələ otuzuncu illərdə Mehdi Hüseyn bir məqaləsində “Poeziyaya gəlmiş iki türk qızı” Nigar Rəfibəyli və Mirvarid Dilbazi haqqında çıxış etmişdi. Onların yaradıcılığını yüksək qiymətləndirib, gələcəyinə olan ümidlərini ifadə etmişdi. Sonrakı hadisələr göstərdi ki, uzaqgörən tənqidçi öz ehtimallarında yanılmayıb”

Bunu Moderator.az-a açıqlamasında ədəbi tənqidçi Əsəd Cahangir Xalq şairəsi Nigar Rəfibəyli haqqında danışarkən deyib. Əsəd Cahangir Nigar xanımın həyat yoldaşı Rəsul Rzayla olan oxşar taleyindən də söz açıb:

“Nigar Rəfibəyli hamımız bildiyimiz kimi bəy nəslindən idi, Gəncədə doğulmuşdu və onun mənşəyi, aristokrat başlanğıcı sonralar bütün həyatına, yaradıcılığına, taleyinə çox ciddi təsir etmişdi. O, buna görə çox amansız təzyiqlərə, təqiblərə məruz qalmışdı. Xüsusilə də otuzuncu, qırxıncı illərin Stalin repressiyası dövrlərində. Lakin buna baxmayaraq Nigar xanım bütün bu çətinliklərə mətanətlə sinə gərib, öz yaradıcılığının, şeirlərinin, əsərlərinin altında Rəfibəyli imzasını fəxarətlə qoymuşdu. Nigar Rəfibəylinin bəy nəslindən olması onun həyat yoldaşı, tanınmış şair, modern poeziyamızın banisi Rəsul Rzanın da taleyindən izsiz ötüşməmişdi. Buna görə onların ailəsi daimi təzyiq və sıxıntılara məruz qalmışdı. Lakin buna baxmayaraq onların böyük məhəbbəti, bir-birilərinə qarşı sevgisi, həm ədəbiyyatımızda, həm də həyatımızda bir əfsanəyə, örnəyə, nağıla çevrilmişdi.

Nigar Rəfibəyli yaradıcılığı məzmunca çox zəngindir. Burda fəlsəfi, təbiət, sevgi şeirləri, həm də vətənpərvərlik mövzusunda yazılan şeirlər yer tutur. Lakin bununla bərabər Nigar Rəfibəyli bir qadındır, anadır və onun poeziyasında Məhsətidən, Heyran xanımdan, Fatma xanımdan, Ağabəyim ağadan, Xurşidbanu Natəvandan və ümumiyyətlə bizim qadın şair yazarlarımızdan gələn bir ənənənin iyirminci əsrdə modern davamını görürük.

Nigar Rəfibəyli öz düşüncəsinin mifologiyasına görə lirik şairdir:

“Günəşdən gənclik istədim,

Dağlardan coşqun həvəs,

Dağdan əzəmət istədim,

İnsanlardan məhəbbət.

Nə istədim, nə istədim,

Verdi mənə təbiət”.

O, bu sözləriylə əlbətdə bir az da təvazökarlıq edirdi. Bəlkə də istədiklərinin hamısını ömrü boyu həyata keçirə bilmədi. Bəy nəslindən olması, böyük bir şairin həyat yoldaşı olması, gələcək böyük yazıçı Anarın anası olması ona mane oldu. Ümumiyyətlə, ana olması ona mane oldu. O, həm də öz evinin xanımı oldu. Həm də mətbəx qayğılarıyla yükləndi. Bəlkə də o yaza biləcəklərindən qat-qat çox yaza bilərdi. Nigar xanım Rəfibəyli Azərbaycan poeziyasında yazdığı şeirlərlə bir yerdə daha çox lirik şairə kimi tanınır. Məhəbbət mövzusu onun yaradıcılığından qırmızı xətlə keçir ki, prototipi də bizim Xalq şairimiz Rəsul Rzayla Nigar xanım arasında olan əfsanəvi məhəbbət idi:

Unutmaq istəyirəm xatirələri,

Dənizin səsi gəlir...

Unutmaq istəyirəm

Qəlbimin sınıq məhəbbətini,

İztirablı bir eşqin hekayətini.

Unutmaq istəyirəm

Acı-şirin xatirələri,

Dənizin səsi gəlir.

Dəniz, sevdalı dəniz,

Əfsanələr kimi şirin, xəyali dəniz,

Sevmişəm dalğalarında,

Günəşində yanmışam.

Qumlu sahillərini

Yalınayaq gəzib dolanmışam.

Məhəbbətim sənə bağlı, dəniz.

Sinəsi sinəm kimi

Hicran dağlı dəniz.

Unutmaq istəyirəm

Sahilində şirin yuxular kimi keçən

Həzin axşamları,

Günəşli səhəri,

Unutmaq istəyirəm

Yandırıb-yaxan xatirələri,

Dənizin səsi gəlir...

Nigar xanımın həyatını da coşqun, təlatümlü dənizə bənzətmək olardı. O, dəfələrlə repressiya təhlükəsi altına düşmüşdü. Onu bəlkə də hansısa ilahi qüvvə Stalin repressiyasının qurbanı olmaqdan xilas etmişdi. Nigar xanımın həyatının finalı bir qədər öz tragik məzmunuyla xüsusilə sarsıdıcıdır. Rəsul Rza xəstəydi, ölüm yatağındaydı və belə bir halda Nigar xanım da xəstələnmişdi. Onlar bir-birindən ayrı-ayrı xəstəxanalarda yatırdılar. Rəsul Rza artıq dünyasını dəyişmişdi, Nigar xanıma bunu xəbər verməmişdilər. Ondan bir neçə ay sonra Nigar xanım da dünyasını dəyişmişdi. Yəni onların bir-birinə sevgisi, talecə bağlılığı o qədər güclü idi ki, hətta dünyanı bir-birilərindən xəbərsiz tərk etmələrinə baxmayaraq yenə də təxminən elə eyni vaxta dünyanı tərk etmişdilər. Böyük şairəmiz Nigar xanım Rəfibəylinin Azərbaycan xalqına, mədəniyyətinə, mənəviyyatına ən böyük hədiyyəsi, şah əsəri şübhəsiz ki, bizim Xalq yazıçımız Anardır. Anar öz valideynlərinin ideyalarını, mövzularını, fikirlərini daha da irəli apardı və onlara layiqli övlad olduğunu sübut etdi. Mən Allah-təaladan bizim gözəl şairəmiz Nigar xanıma rəhmət diləyirəm. Hesab edirəm ki, onun həm həyatı, həm yenilməz xarakteri, dəyanəti, həm də ürəklərin sarı siminə toxunan lirik poeziyası müasir ədəbi gəncliyimiz üçün ən parlaq bir örnəkdir”.

Qeyd edək ki, bu gün Nigar Rəfibəylinin doğum günüdür.

Vasif Əlihüseyn