Bankların dollar alışını azaltmasının səbəbləri BƏLLİ OLDU

Bankların dollar alışını azaltmasının səbəbləri BƏLLİ OLDU

Bu ilin mayında Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta alışının kəskin azalmasının səbəblərindən biri bəlli olub.

Sfera.az xatırladır ki, mayda banklar tərəfindən xarici valyuta alışı 260 milyon dollardan çox azalaraq 288 milyon dollara enib. Əvvəlki ayların heç birində bu qədər az dollar alınmamışdı.

Mərkəzi Bankın açıqladığı aylıq məlumatlardan bəlli olur ki, banklarda dollara tələbin azalmasının başlıca səbəbi əhali və biznes qurumları tərəfindən dollar satışının artmasıdır. Belə ki, apreldə nağd şəkildə 168 milyon dollar satıldığı halda mayda satış miqdarı 241,6 milyon dolları ötüb.

Maraqlı fakt ondan ibarətdir ki, mayda bu il ilk dəfə olaraq satılan dolların məbləği alınan dolların məbləğindən xeyli böyük olub. Ötən ay 173 milyon dollar nağd şəkildə alındığı halda, satılan dolların məbləği bundan 68,6 milyon dollar çox idi.

Nağd dollar satışının artmasının əsas səbəbini bahalaşma ilə əlaqələndirmək olar. Xərclərin artması qənaət edilən vəsaitin bir hissəsini xərcləməyə vadar edib.

Satışların artmasına təbii ki, dollar/manat kursunun sabit qalması da təsir göstərib. Əhali neftin qiymətinin artması səbəbindən manatın ucuzlaşmayacağını bildiyindən dollarla olan vəsaitlərini xərcləməkdə tərəddüd etmirlər.

Vasif

Sfera.az