Avropa Məhkəməsi hökuməti 20 min avrodan çox cərimələdi

Avropa Məhkəməsi hökuməti 20 min avrodan çox cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 23-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edib.

Fikrət İbişbəyli Azərbaycana qarşı

Bu məhkəmə işi jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı idi. Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edirdi.

AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə tutulmasının ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

AİHM-in digər dörd qərarı tərəflərin dostca anlaşması əsasında çıxarılıb.

Natiq İsbatov Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlı idi. Məhkəmə qarşısında Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinə malik olmaq) pozuntusu iddiası irəli sürülmüşdü. Tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, ərizəçiyə 6000 avro ödənilməlidir.

Ülviyyə Kərimova Azərbaycana qarşı

Bu iş daxili məhkəmələrin qərarlarını icra etməməsi əsası ilə ərizəçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə iki il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunması ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edirdi.

Bu işdə də tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Qadir Mahmudov Azərbaycana qarşı

Bu iş də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən cəzalandırılması ilə əlaqəli idi. Burda söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedirdi. Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edirdi. Tərəflərin dostca anlaşmasına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Xvorova Azərbaycana qarşı

Daxili məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 3850 avro ödəyəcək.

Aihmaz.org