Taksi sürücüsü avtomobilinə körpə ilə minən qadını döydü

Taksi sürücüsü avtomobilinə körpə ilə minən qadını döydü

Rusiyanın Omsk şəhərində taksi sürücüsü sərnişinə hücum edib, onu döyüb və beş aylıq körpəsi ilə birlikdə maşından qovub.

Ölkə.Az-ın məlumatına görə, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Şəhər sakininin sözlərinə görə, hadisə iyunun 22-də dostuna baş çəkməyə gedərkən baş verib. Səfər zamanı qadınla taksi sürücüsü arasında münaqişə yaranıb. Buna səbəb sürücünün nəzərdə tutulan marşrut əvəzinə əvvəlcə rayon ətrafında dövrə vurması, daha sonra isə şəhərin çıxışına doğru hərəkət etməsi olub. Sərnişin qorxaraq qohumlarına və polisə zəng etməyə başlayanda taksi sürücüsü maşını saxlayıb və onu baş nahiyəsindən vurub. Bundan sonra o, körpəsi olan qadını maşını tərk etməyə məcbur edib və hadisə yerindən qaçıb.

İdarədən qeyd ediblər ki, qadın polisə ərizə ilə müraciət edib. Taksi sürücüsünün şəxsiyyəti müəyyənləşdirilir. Prokurorluq istintaqın gedişinə nəzarət edir.