Özünü yandıraraq intihar edən qadının yaxınları MƏHKƏMƏNİN QƏRARINA ETİRAZ EDİR: “Bunun harası ədalət oldu?”

Özünü yandıraraq intihar edən qadının yaxınları MƏHKƏMƏNİN QƏRARINA ETİRAZ EDİR: “Bunun harası ədalət oldu?”

Anası təqsirləndirilən şəxsə verilən cəzanın adekvat olmadığını deyir

Sabirabadda özünü yandıraraq intihar edən 46 yaşlı Sevinc İbadovanın ölümünə görə əri cəzalandırılıb.

Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırov təqsirləndirilən Muğamat İbadovun 3 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 125-ci maddəsilə – arvadını özünü öldürmə həddinə çatdırmaqda təqsirli bilinib.

1967-ci il təvəllüdlü Muğamat İbadov həm də Cinayət Məcəlləsinin 133-cü (əzabvermə) maddəsilə ittiham olunurdu. Lakin məhkəmə prosesinin gedişində prokuror bu ittihamdan imtina edib. Ona görə məhkəmə bu maddə ilə ona cəza təyin etməyib.

Muğamat İbadova verilən cəza zərərçəkmiş tərəfi qane etməyib.

Sevinc İbadovanın anası Axırbəyim Əhmədova əzabvermə ittihamının çıxarılması, digər maddə ilə aşağı həddə cəza verilməsi ilə razı deyil.

Onun fikrincə, verilən cəza baş vermiş hadisəyə adekvat deyil: “Bu adam illərlə qızıma əzab verib. O, sonda dözməyərək, özünü öldürüb. Bu, adam öldürməyə bərabərdir. Amma ona cəmi 3 il 6 ay cəza verdilər. Bunun harası ədalət oldu?”

Zərərçəkmişin sözlərinə görə, Sevinc İbadovaya ərinin illərlə əzab verdiyini onun öz övladları da məhkəmədə təsdiqləyib.

Axırbəyim Əhmədova əlavə edib ki, hökmdən apelyasiya şikayəti verəcəklər.

Hadisə 2020-ci il noyabrın 15-də Sabirabadın Yuxarı Axtaçı kəndində İbadovların yaşadığı evin həyətində baş verib.

Sevinc İbadovanı yanıq xəsarətlərilə əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparıblar, oradan isə Bakıya göndəriblər.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc İbadova dekabrın 24-də vəfat edib.

“Onu elə döyürdü, üz-gözündə, bədənində salamat yer olmurdu. Hətta bir dəfə ona dedim ki, boşan, başqa çarə yoxdur. Əri söz verirdi ki, daha təkrarlanmayacaq, bir həftə, on gün çəkirdi. Sevincin uşaqları böyük idi, qızı ərə getmişdi, ailəsini dağıtmaq istəmirdi deyə, boşanmadı”, – deyə Axırbəyim Əhmədova bildirib.

O xatırladıb ki, qızı ərinin işgəncələrindən bir dəfə polis şöbəsinə də şikayət edib, lakin sonradan şikayətini geri götürüb, Muğamat İbadovla barışıb.

Sevinc İbadova özü də xəstəxanada olarkən izahatında ərini ittiham edib.

Muğamat İbadov isə ittihamları qəbul etməyib.

O, son sözündə də həyat yoldaşının ölümündə günahkar olmadığını söyləyib.

Sevinc İbadovanın ölümündən əvvəl izahatında onunla bağlı dediklərini isə qaynı Bahadır Əhmədovun qərəzinin nəticəsi sayıb.

İddia edib ki, həyat yoldaşı qardaşının təsirilə onun haqqında elə izahat verib.

Amma o, hadisədən bir gün öncə axşam saatlarında həyat yoldaşıyla aralarında mübahisə olduğunu etiraf edib:

“Sevincə dedim ki, ananın hərəkətlərindən xoşum gəlmir, bir daha bizə gəlməsin. Sevinc küsüb getdi, aramızda dava-dalaş olmadı. Ertəsi gün səhər gördüm ki, həyətdədir, qayıdıb. Nar ağaclarının altına peyin yaymağa getdim. Təxminən 5 dəqiqə sonra Sevinc tərəfə baxanda onun yandığını gördüm. Qaçıb xalçaya bürüdüm ki, alov sönsün. Əksinə, xalça da yandı. Yenə də söndürməyə çalışanda öz əl-ayağım da yandı. Sonra su töküb Sevinci söndürdüm. Dedi ki, zəng elə, qardaşım Hikmət gəlsin. Zəng elədim, gəldilər, tez xəstəxanaya aparıldı…”.