Almaniyada xeyli uçuş ləğv edildi, çünki...

Almaniyada xeyli uçuş ləğv edildi, çünki...

Almaniyanın hava yolu şirkəti “Lufthansa” sərnişinlərin idarə edilməsindən tutmuş təyyarələrə texniki qulluq və stüardessalara qədər kadr çatışmazlığı səbəbindən növbəti 2 ayda 2200 reysi təxirə salıb.

SİA-nın əldə etdiyi məlumata görə, iyunun əvvəlində 900 uçuşu ləğv edən “Lufthansa” iyul və avqust aylarında həm Almaniya, həm də Avropa ölkələrinə 1000-dən çox uçuşu ləğv etdiyini açıqlayıb.

Gərgin yay tətili dövrünün başladığı bir vaxtda uçuşların ləğvi Avropa hava limanlarında yaşanan səyahət xaosunu dərinləşdirəcəyi gözlənilir.

Ölkədə turizm sənayesi kadr çatışmazlığı və xəstəlik vərəqələri səbəbindən problemlərlə üzləşir. Bildirilir ki, kadr çatışmazlığı daha çox yeni növ koronavirus (Covid-19) epidemiyası dövründə işdən çıxarılanların yeni iş yerləri tapması və aviasiya sektoruna qayıtmaq istəməməsi ilə bağlıdır.

Almaniyada sərnişinlərin idarə olunmasından tutmuş təyyarələrə texniki qulluq və stüardessalara qədər bir çox sahədə kadr çatışmazlığı var. Buna çarə tapılmazsa, hava yolu şirkətləri daha çox uçuşu ləğv etməli olacaq.

Qeyd edək ki, Almaniya aviasiya sənayesi kadr çatışmazlığına qarşı öz hava limanlarında Türkiyədən təxminən 2000 nəfəri müvəqqəti olaraq işə götürmək istəyir.

Almaniya Hava Nəqliyyatı İqtisadiyyatı Dərnəyinin (BDL) verdiyi məlumata görə, Türkiyədən yola düşəcək 2000 işçinin Almaniya hava limanlarında yerləşdirilməsi üçün sürətlə xüsusi icazələrin verilməsi gözlənilir.