Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin məzunları arasında 32 nəfər azərbaycanlı da var

Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin məzunları arasında 32 nəfər azərbaycanlı da var

Belarusun Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində məzunların buraxılış mərasimi keçirilib. Universiteti bitirən 234 məzun diplom alıb. Diplom alan məzunlardan 32 nəfəri Azərbaycan Respublikası vətəndaşıdır.

Azərbaycanın Belarusdakı Səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məzunların buraxılış mərasimində Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskiy, nazir müavinləri, Universitetin rektoru İvan Polevoda, ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev, Qazaxıstan Respublikasının Belarusdakı səfiri Askar Beysenbayev iştirak ediblər.

Mərasimdə səfir Ülvi Baxşəliyev çıxış edərək məzunları diplom almaları münasibətilə təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Səfir qeyd edib ki, universitetdə aldıqları bilik və təcrübə gələcək işlərində onlara çox faydalı olacaq. Buna görə də universitetdə onlara təlim və təhsil vermiş müəllim-professor heyətinə və Belarusa oxumağa göndərən dövlətimizə hər zaman minnətdar olmalarını tövsiyə edib. Səfir bildirib ki, Azərbaycan ilə Belarus arasında bütün sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Siyasi, iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə, o cümlədən təhsil sahəsində də əlaqələrimiz genişlənir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Belarus FHN arasında əldə olunmuş razılığa əsasən, artıq necə ildir ki Belarus FHN-in Mülki Müdafiə Universitetində azərbaycanlı gənclər təhsil alırlar. O, azərbaycanlı kursantlara göstərilən diqqət və qayğıya görə Belarusun Fövqəladə hallar nazirinə və Universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra diplomların təqdim olunması mərasimi keçirilib. Səfir Ülvi Baxşəliyev azərbaycanlı məzunlara diplomları təqdim edib.

Tədbirdən sonra səfir Ü.Baxşəliyev ilə Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskiy arasında ikitərəfli görüş keçirilib və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk