Reallaşdırılmış kiberhücum nəticəsində AMD şirkətinin 450 GB həcmində məlumatlar bazası oğurlanıb

Reallaşdırılmış kiberhücum nəticəsində AMD şirkətinin 450 GB həcmində məlumatlar bazası oğurlanıb

AMD şirkəti kiberhücumun qurbanına çevrilib. RansomHouse adlı nisbətən yeni hacker qruplaşması bildirib ki, o, AMD şirkətinin ümumi 450 GB həcmdə məlumat bazasını əldə edib. Bu barədə Restore Privacy şirkətinin mütəxəssisləri məlumat veriblər. RansomHouse adlı hacker qruplaşmasının verdiyi məlumata əsasən o, xüsusi tətbiqlərdən istifadə etmir və bilavasitə hack prosesini reallaşdırmır. Bunun yerinə o, digər hackerlər ilə qurbanlar arasında vasitəçi rolunu oynayır və hər iki tərəf adından danışıqlar apararaq oğurlanmış məlumatların mümkün alışı üzrə razılaşma əldə etməyə çalışır. Restore Privacy şirkəti öz növbəsində bildirib ki, RansomHouse hacker qruplaşması AMD şirkətinin hack edilərək məlumatlar bazasının oğurlanması bəyanatına sübut olaraq həmin məlumatlar bazası barəsində məlumatları təqdim edib.

Məlumata əsasən oğurlanmış məlumatlar bazasına müxtəlif şəbəkə faylları, sistem məlumatları və AMD əməkdaşları tərəfindən istifadə edilən şifrələr daxildir. Lakin baş vermiş kiberhücum barəsində hal hazırda ətrafı məlumat yoxdur. Kiberhücuma bilavasitə AMD-nin özünün və ya onun partnyorlarından birininin məruz qaldığı bilinmir. RansomHouse hacker qruplaşması bildirib ki, AMD-nin hack edilməsi elə də çətin bir proses olmayıb. Belə ki, onun əməkdaşları çox sadə şifrələrdən istifadə edirlər. Reallaşdırılmış kiberhücumun üsulu və zamanı barəsində məlumat verilməyib. Lakin RansomHouse təmsilçisinin sözlərinə əsasən AMD-nin təhlükəsizlik sistemindən yan keçmə cəhdi 5 yanvar tarixində reallaşdırılıb. Məlumdur ki, AMD oğurlanmış məlumatlara görə fidyə ödəməyib. AMD şirkətinin təsmilçisi bildirib ki, hal hazırda bu məsələ ilə bağlı istintaq aparılır. Qeyd etmək lazımdır ki, RansomHouse hacker qruplaşması 2021-ci ilin dekabr ayında yaradılıb. Onun aktivliyi isə bu ilin may ayında başlayıb.