ABŞ-da meymunçiçəyinə görə vaksinasiyaya başlanıldı

ABŞ-da meymunçiçəyinə görə vaksinasiyaya başlanıldı

ABŞ-da bu gündən etibarən meymunçiçəyi virusuna yoluxduğundan şübhələnən hər kəs peyvənd vurduracaq.

Sfera.az bildirir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti 56 min doza “Jynneos” peyvəndini paylayacağını açıqlayıb. Qeyd olunub ki, növbəti həftələrdə 250 min doza əlavə olunacaq. Yay-payız dövründə bu rəqəmin 1,25 milyon dozaya çatdırılması nəzərdə tutulub. Peyvəndin paylanmasına bu həftənin əvvəlində Nyu York və Vaşinqton ştatlarında başlanılıb, lakin ehtiyat tez tükənib.

Məlumata görə, “Jynneos” ehtiyatları tükəndiyi təqdirdə çiçək xəstəliyinə qarşı hazırlanmış köhnə peyvənd olan “ACAM2000”in istifadə olunacaq. Buna baxmayaraq səlahiyyətlilər sözügedən peyvəndin yan təsirləri baxımından daha riskli ola biləcəyi barədə xəbərdarlıq edib. “Jynneos”un isə ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvənd olduğu və artıq virusa yoluxmuş insanlarda infeksiyanı dayandıra biləcəyi vurğulanıb. Bildirilib ki, ölkədə meymun xəstəliyinin aşkarlanması üçün istifadə edilən testlərə çıxış imkanlarının artırılması istiqamətində araşdırmalar davam edir.

Qeyd edək ki, “Jynneos” peyvəndi Danimarkanın “Bavarian Nordic” şirkəti tərəfindən istehsal olunur.

Günay Rəsulqızı