Azərbaycanın bur sıra fermer təsərrüfatları işçiləri qul İzaura kimi işlədir...

Azərbaycanın bur sıra fermer təsərrüfatları işçiləri qul İzaura kimi işlədir...

Akif Nəsirli: “Sahibkarlar monopoliyaçıdırlar və kəndlinin, işçinin başqa seçimi olmadığı üçün onları öz ağır şərtləri ilə razılaşdırırlar”

Ölkəmizin müxtəlif rayon və kəndlərində fəaliyyət göstərən fermer təsərrüfatlarından narazılıqlar artır. Bu təsərrüfatlarda işləyən işçilər fermerlər tərəfindən əməklərinin istismar edilməsindən şikayətçidirlər. Onlar bildirirlər ki, 8 saatdan artıq işləyirlər, sahibkarlar günorta yeməyini belə vermir, amma işçilərə günə 8-10 manat pul ödəyirlər. Bu da ayda 240-300 manat arası pul edir.

Əmək qanunvericiliyinə görə isə, işçini 8 saatdan çox işlətmək olmaz, əlavə iş saatına görə artıq pul verilməlidir. Çox təəssüflər olsun ki, fermerlərin işçilərin əməyini istismar etməsi adi hala çevrilib. Fermerlərin işçilərin əməyini istismar etməsi nədən qaynaqlanır? Onlar qanunvericiliyin tələblərini nə üçün pozurlar?

“Bu qaydaların pozulmasına görə sahibkarlar tənbeh edilməlidir”

Bəzi ekspertlərin qeyd etdiyinə görə, bu fermer təsərrüfatlarının əksəriyyəti iri məmurlara məxsus olduğu üçün aidiyyəti dövlət qurumlarının əməkdaşları ora müdxilə edə bilmir. İşçilərin hüquqlarının hər an pozulduğunu deyən ekspertlərin sözlərinə görə, insanları qul kimi işlədirlər. Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Sovet dövründən bəri kənd təsərrüfatında çalışan işçilərin əməyinin normallaşdırılması, 8-9 saatlıq iş gününün müəyyən edilməsi, onların əməkhaqqının ölkənin qanunvericiliyinə uyğun ödənilməsi problemdir. “Kənd təsərrüfatında çalışan işçilər səhərlər evdən çıxıb gediblər sahəyə, tarlaya, günorta gəlib evdə yeməklərini yeyiblər və təkrar geri qayıdıblar, gün batana qədər işləyiblər. Burada saat ölçüsü olmayıb. Əhali də bu vərdişlərə uyğunlaşıb və çoxlarının da əmək qanunvericiliyindən xəbəri yoxdur. Bundan da sahibkarlar sui-istifadə edir. Amma hər halda kənd təsərrüfatında çalışan işçilərin əməkhaqqı ölkə qanunvericiliyinə, Əmək Məcəlləsinə uyğun olaraq gün ərzində 8 saatdan artıq olmamalıdır. Sahibkarlar artıq işlətdikləri işçiyə buna görə ikiqat vəsait ödəməlidir. Bir də ki, işçinin ay ərzində ümumi əməkhaqqı 300 manatdan, minimum əmək haqqından aşağı olmamalıdır. Bu qaydaların pozulmasına görə sahibkarlar tənbeh edilməlidir. Yəni onlara birinci tövsiyə, maarifləndirmə xarakterli məsələlər təlqin edilməli, əmək qanunvericiliyində nələrin nəzərdə tutulduğu onların diqqətinə çatdırılmalıdır. Sahibkarlara izah olunmalıdır ki, onların işlətdikləri işçilərlə, əməkçilərlə, zəhmətkeşlərlə rəsmi elektron müqavilələri olmalıdır. Həmin o elektron müqavilə əsasında işçilərin əməkhaqqı verilməlidir, onların Dövlət Sosial Sığorta Fonduna sığortası ödənilməlidir, onların stajı müəyyən olunmalıdır. Siz dediklərinizdən əlavə onu da qeyd edim ki, hazırda kənd təsərrüfatında çalışan işçilərin 90 faizindən çoxunun əmək müqaviləsi yoxdur. Onlar gizli məşğul əhali sayılır. Yəni qeyri-rəsmi iş yerlərində çalışan əhali hesab edilirlər. Bu məsələlər daha köklü məsələlərdir. İş saatı ilə yanaşı bunu da qeyd etmək lazımdır ki, işçilərin sahibkarlarla əmək münasibətləri rəsmiləşdirilsin. Bu rəsmiləşdikdən sonra onların iş saatı, əməkhaqqı, onun rəsmi ödənilməsi məsələsi ortaya qoyulmalıdır. Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində çox geniş spektrli problemlər var. Bunlar hamısı bu gün Azərbaycan cəmiyyəti qarşında dayanan ciddi problemlərdəndir”.

A.Nəsirlinin sözlərinə görə, bu məsələnin bir tərəfi yuxarıda qeyd edildiyi kimi ənənəyə bağlıdırsa, digər tərəfi də ölkədə iş yerlərinin az olması ilə bağlıdır. O vurğuladı ki, iş baxımından kənddə yaşayan əhalinin alternativi yoxdur, başqa işlə məşğul ola bilmirlər: “Çünki iş yerləri yoxdur. Ona görə də Azərbaycan hökuməti çalışmalıdır ki, respublikanın hər yerində sahibkarlıq mühitinə şərait yaratsın, sahibkarlar qarşısında duran, onların fəaliyyətinə mane olan bütün maeələr, bütün əngəllər aradan qaldırılmalıdır. Cəlbedici biznes mühiti yaradılmalıdır ki, ölkənin bütün ərazilərində, o cümlədən də kənd yerlərində sahibkarlar iş qursunlar, iş yerləri açsınlar və əhalinin alternativ iş yerləri tapmaq imkanı olsun ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların da işçi bazarı bir qədər səngisin. Yəni onlar işçi axtarsınlar, işçiyə daha çox güzəştlər etsinlər, əməkhaqqı versinlər. Bunu rəsmiləşdirsinlər”.

A.Nəsirlinin sözlərinə görə, kənd əməkçilərinin alterativləri olmadığı üçün sahibkarlar onları istədikləri kimi işlədir: “Təsəvvür edin ki, sahibkarlar monopoliyaçıdırlar və kəndlinin, işçinin başqa seçimi olmadığı üçün onları öz ağır şərtləri ilə razılaşdırırlar”.

İradə SARIYEVA