Ərdoğan dediyini etdi - Türkiyə NATO-ya qalib gəldi 

Ərdoğan dediyini etdi - Türkiyə NATO-ya qalib gəldi 

Ötən gün bütün dünyanın diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə keçirilən dördtərəfli zirvə görüşünə yönəlmişdi.

Görüşün əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi idi. İki saatdan artıq keçən danışıqların nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan veto hüququndan imtina edərək, Finlandiya və İsveçin Ankaranın tələblərini qəbul etmək şərti ilə NATO-ya daxil olmasına icazə verib.

Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Madrid görüşünün nəticələrini Modern.az-a şərh edib.

Türkiyəli ekspert dördtərəfli görüşdən Türkiyənin qalib ayrıldığını bildirib: “Dünən dünyanın gözü NATO-nun dörtlü sammitində Türkiyənin verəcəyi qərarda idi. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi dördtərəfli görüş Türkiyədən daha çox iki ölkənin taleyini həll edirdi. Amma əldə olunan razılıqdan deyə bilərik ki, Türkiyə bu masadan qalib ayrıldı. Avropaya təhdidlər və çağırışlar fonunda NATO-nun Türkiyəyə böyük ehtiyacı var. Rusiya-Ukrayna müharibəsi foununda alyansın müdafiə strukturunu nəzərdən keçirməsi əsas məsələdir. Sammitə NATO-ya yeni üzv olmaq üçün müraciətləri gündəmdə olan İsveç və Finlandiya danışıqlara dair çox ciddi sənədlərlə çıxış edib".

İmbat Muğlu xatırladıb ki, İsveç və Finlandiya bu günə qədər Türkiyəyə qarşı çıxaraq terror təşkilatlarına dəstək verib. Amma dünənki görüşdə hər iki ölkə terrorla mübarizədə Türkiyənin tələblərini qəbul etdiklərini bildirib, üzərlərinə öhdəliklər götürüblər.

"Bu iki ölkə NATO-ya üzv olarsa, dərhal terrorla əlaqələri pozmalıdırlar. NATO özü də bununla razılaşacaq. İki ölkə terrorla mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəyini bildirib və silah embarqosunun olmayacağına zəmanət verib. Terrorla mübarizə kontekstində təhlükəsizlik baxımından iki ölkənin NATO-ya üzvlük müraciətlərinə etiraz edən Türkiyə onların gözləntiləri qarşılamaq və öhdəliklər almasından sonra şərtlərini geri götürüb. Beləliklə, Türkiyə bu masadan qalib ayrılıb. Amma biz öhdəlik götürən ölkələri nəzarətdə saxlayacağıq. İndiyə qədər Türkiyəyə qarşı NATO-nun öhdəlikləri ödənilməyib. Buna görə də Türkiyə dəlil və sübutlarla masaya oturub. Əgər bu öhdəliklərdən qaçılarsa, Türkiyə bu dəfə daha ağır cavab verəcək”, - türkiyəli ekspert vurğulayıb.

Qeyd edək ki, dünən əldə olunan razılığına əsasən Türkiyənin aşağıdakı təklifləri qəbul olunub.

- PKK və onun uzantılarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq

- Terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək

- PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi

- Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması və əməkdaşlığın artırılması.

- Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi

- Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması

- Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilə üzrə tənzimləmələrin aparılması

- PKK və onun cəbhə təşkilatlarının pul toplama, işə götürmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması

- Türkiyə əleyhinə terror təbliğatının qarşısının alınması

- Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi

- Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüklər bağlı reaksiyasının bir çox səbəbi olub. Hər kəsə məlumdur ki, Türkiyə son 40 ildə xarici güclərin aləti olan separatçı terror təşkilatı PKK ilə mübarizə aparır. PKK terror təşkilatının ən böyük maliyyə qaynaqlarından biri İsveç və Finlandiyadır. Türkiyənin tələblərinə baxmayaraq, həmin ölkələrdən FETÖ-çular ekstradisiya edilməyib.

FETÖ və PKK təşkilatının bədnam terrorçuları bu iki ölkədə sərbəst gəzirlər və onların dəstəklədiyi PKK-ya bağlı 6 millət vəkili hazırda İsveç parlamentindədir. Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının sərhəddə (İraq və Suriya) həyata keçirdiyi əməliyyatlar zamanı PKK-nın istifadəsində olan çoxlu sayda İsveç istehsalı “At-4” reaktiv yaylım atəşi qurğusu ələ keçirilib. İsveç istehsalı olan “At-4” reaktiv yaylım atəşi sistemlərindən türk əsgərlərin şəhid olduğu hücumlarda istifadə edildiyi müəyyən olunub.

Bundan əlavə, İsveç və Finlandiyada terror təşkilatı PKK-ya dəstək mitinqlərinin keçirilməsinə icazə verilib. Belə ki, PKK terror təşkilatının üzvləri bu ölkələrdə asanlıqla Türkiyəyə qarşı mitinqlər, toplantılar və etirazlar keçirə bilir. Bunu bildiyi halda Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə razılıq vermək niyyətində deyildi.

İsveç PKK ilə münasibətlərini o qədər inkişaf etdirib ki, bu ölkənin xarici işlər naziri Ann Linde 2020 və 2021-ci illərdə terror təşkilatının Suriya qolu YPG-yə səfər edib. Bununla kifayətlənməyən isveçli nazir YPG-yə ildə 376 milyon dollar verəcəklərini açıqlayıb. Türkiyənin düşməni Ann Linde Suriyanın şimalında YPG-yə qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Avropa Birliyi ölkələrinə "Türkiyəyə silah embarqosu qoyun, bu, sağ qalmaq və bir qruplaşmanın yaranmasının qarşısını almaq məsələsidir" deyib.

İsveç Türkiyəyə silah embarqosu qoyan ilk Avropa İttifaqı ölkələrindən biri olub. Açığı, terror təşkilatlarına ev sahibliyi etməsi, hər cür dəstək verməsi, hətta bəzən terror təşkilatlarının sözçüsü kimi çıxış etməsi və bir çox başqa səbəblərə görə Türkiyə bu ölkələrin NATO üzvü olmasını istəməyib. Lakin İsveç və Finlandiyanın Türkiyə qarşısında geri addım atması, üzərinə öhdəliklər götürməsi onu göstərir ki, NATO ilə dueldən Ərdoğan birmənalı şəkildə qalib ayrılıb.