Paşinyan əsir düşmüş ermənilərə görə rus hərbçilərini ittiham etdi...

Paşinyan əsir düşmüş ermənilərə görə rus hərbçilərini ittiham etdi...

İbrahim Rüstəmli: “Ermənistanın istəyi odur ki, Rusiya diversantların azad olunması məsələsində Azərbaycana təzyiq etsin”

“Erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsində Rusiya günahkardır”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Paşinyan iddia edib ki, Azərbaycan sülhməramlıların nüfuzunu aşağı salmaq istəyir, buna görə də erməni əsirləri geri qaytarmır. O, 10 noyabr kapitulyasiyasını imzaladıqdan bir ay sonra Çaylaqqalada əsir düşən ermənilər haqda danışarkən qeyd edib ki, erməni hərbçilərin 90 faizindən çoxu Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir düşüb: “Erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsində Rusiya günahkardır. Çaylaqqala ərazisi de-yure rus sülhməramlılarının nəzarəti altında olmalı idi. Ancaq dəyişiklik baş verdi. Yerləşdirmə mövqeləri xəritələr əsasında bir neçə dəfə yenidən işlənib”.

Paşinyan bu məsələni Rusiya tərəfi qarşısında bir neçə dəfə qaldırdıqlarını bildirib: “Mən şəxsən bunu Rusiya dövlət başçısı Vladimir Putin və rus sülhməramlı kontingentinin komandanlığı ilə müzakirə etmişəm. Azərbaycandakı əsirlər iki qrupa bölünür: Bakının təsdiqlədiyi əsirlər 38-dir. Ancaq əsir düşdüyü ehtimal edilən, Bakının təsdiqləmədiyi şəxslər də var. Erməni tərəfi onları “məcburi yoxa çıxmış” hesab edir”.

Paşinyan bununla əsir düşənlərin 90 faizinin 10 noyabr bəyanatından sonra əsir götürüldüyünü təsdiqləyir. Bu isə o deməkdir ki, Bakıda mühakimə edilənlər hərbi əsirlər deyil, onlar atəşkəs imzalandıqdan sonra qanunsuz yollarla Azərbaycan ərazisinə keçənlər və təxribatlar törədənlərdir. Digər tərəfdən, Paşinyan bu məsələdə Rusiyanı ittiham etməklə məsuliyyəti Kremlin üstünə atmaq istəyir.

Maraqlıdır, sözügedən məsələdə Rusiyanı ittiham etməkdə Paşinyanın məqsədi nədir?

“Paşinyan belə yersiz ittihamlarla nəyəsə nail ola bilməyəcək”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Paşinyan bu minvalla diversantların azad olunması məsələsində Rusiyanın aktiv rol almasını istəyir: “Yəni Ermənistanın istəyi odur ki, Rusiya diversantların azad olunması məsələsində Azərbaycana təzyiq etsin. Paşinyan erməni hiləgərliyilə məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır. Məqsəd odur ki, bu səbəbdən Azərbaycanla Rusiya arasında gərginlik yaransın. Ona görə də Nikol Rusiyanı aqressivcəsinə ittiham etdi. Məsələ ondadır ki, diversantlar məsələsində ilk dəfə idi Paşinyan Rusiyanı bu cür açıq ittiham edirdi. Nəzərə almaq lazımdır ki, diversantların valideynləri məsələnin uzanmasına görə Paşinyanı ittiham edirlər. Görünür, Nikol bütün bunlara görə narahatdır. O səbəbdən, topu Rusiyaya atır. Digər tərəfdən bu, rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində 10 noyabr bəyanatının maddələrinə zidd olaraq qanunsuz erməni silahlılarının fəaliyyət göstərdiyinin etirafıdır. Çünki Çaylaqqala və Köhnə Tağlar kəndlərinə erməni diversantlar 2020-ci ilin 26 noyabrında daxil olub. Yəni artıq 16 gün idi müharibə başa çatmışdı. Söhbət 10 noyabr razılaşmasından gedir. Dekabrda isə keçirilən əməliyyat nəticəsində erməni diversantlar yaxalanıb. Azərbaycan humanistlik göstərərək mina xəritələri müqabilində onların bəzilərini geri qaytarıb. Bütün hallarda onlar hərbi əsir yox, diversant hesab olunur”.

Hərbi ekspert onu da əlavə etdi ki, Paşinyan belə yersiz ittihamlarla nəyəsə nail ola bilməyəcək.

Vidadi ORDAHALLI