Rusiya xarici agent axtarışında...

Rusiya xarici agent axtarışında...

"Xalq düşməni" olmaq üçün xaricdən maliyyələşməyə ehtiyac yoxdur, xarici "təsir altında" olmaq yetərlidir..."

"Xarici agent" barədə yeni elm yaratmağa ehtiyac var"

Rusiyada yeni repressiv qanun qəbul edilib

Rusiya Federasiyasının Dövlət Duması üçüncü oxunuşdan "Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında" yeni qanun qəbul edilib. Bu qanun 2022-ci ilin dekabrın 1-dən qüvvəyə minəcək.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Dumasının saytında məlumat verilib.

Qanun qüvvəyə minəndən sonra Rusiyada "xalq düşməni" olmaq üçün öz fəaliyyətinə görə xaricdən maliyyəşmə mütləq deyil, xarici "təsir altında" olmaq kifayət edəcək.

"Xarici təsir dedikdə xarici mənbə tərəfindən hər hansı şəxsə dəstək göstərilməsi və ya o cümlədən məcburetmə, inandırma və ya digər üsullarla təsir göstərilməsi nəzərdə tutulur".

Buradan belə nəticəyə gəlmək olar ki, istənilən şəxs xarici agent statusu ala bilər.

Bundan başqa, qanunda "xarici agentlərlə affilyasiya olunan (bağlı olan-red.) fiziki şəxslər" anlayışı var. Bunlara "xarici agent" elan edilən təşkilatın təsisçiləri, üzvləri, iştirakçıları və ya işçiləri aiddir.

Belə affilyasiya olunan şəxslərə, həmçinin, siyasətlə məşğul olan və bu zaman "xarici agentlərdən" pul və ya əmlak alan şəxslər aid edilə bilər.

Bu zaman Ədliyyə Nazirliyi "affilyasiya olunan" şəxslərin reyestrini tərtib etmək niyyətindədir.

Hazırda mövcud olan dörd "xarici agentlər" reyestri yeni qanuna görə birində birləşdiriləcək.

Bu ərəfədə Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko gənclərin Sankt-Peterburqda keçirilən hüquqi forumun gedişində bəyan edib ki, "xarici agent"in nə demək olduğunu anlamır.

"Mən biblioqrafiyaya baxmışam, bu mövzuda orada işlər yoxdur. Biz bu gün nəzəri olaraq xarici agentin nə demək olduğunu anlaya bilərik. Bu sahədə nə elm var, nə də biliklər", - nazir deyib.

Çuyçenko məlumat verib ki, yeni elm yaratmaq lazım gələcək, nəticədə hüquq fakultəsinin tələbələri "məhkəmə ekspertologiyası və qeyri-kommersiya təşkilatlarına aid olan" yeni fənlər öyrənəcək.