Dünyada bir ilk: Tələbələr binadan çıxmadan ABŞ-Kanada sərhədini “keçdilər” - FOTO/VİDEO

Dünyada bir ilk: Tələbələr binadan çıxmadan ABŞ-Kanada sərhədini “keçdilər” - FOTO/VİDEO

Kanadanın Qərb Kosmik Tədqiqat İnstitutunun tədqiqatçıları dünyada ilk beynəlxalq holoportasiya (yaxud holoqrafik teleportasiya) haqqında məlumat veriblər.

Bu barədə institutun saytında məlumat yerləşdirilib.

Holoportasiyanın mahiyyəti ondan ibarətdir ki, insanın holoqramı 3D kameralar vasitəsilə istədiyi yerə ötürülür. Orada onu VR dəbilqəli bir adam gözləyir. Həmin adam qonağın holoqramını elə görür ki, sanki onunla eyni otaqdadır. Əgər holoportasiyanın hər iki iştirakçısı dəbilqə taxsalar, o zaman onlar ətraf mühitlə qarşılıqlı əlaqə qura biləcəklər - məsələn, onlardan biri digərindən otaqdakı kreslonun ətrafında dolaşmağı xahiş edə bilər.

“Biz Alabamadan Ontarioya bir nəfər göndərdik və sonra tələbələrimizin hər biri özlərini holoqram kimi Alabamaya teleportasiya etdilər”, - deyə layihə rəhbəri Dr. Adam Sirek bildirib.

Beləliklə, eksperiment iştirakçıları binadan çıxmadan ABŞ və Kanada arasındakı sərhədi “keçə biliblər”. Bəzi tələbələr zarafatla deyiblər ki, artıq aviauçuşlara qənaət edə bilərlər.

2022-ci ildə NASA holoportasiya texnologiyasından istifadə edərək doktor Yosef Şmidti BKS-ə “göndərib”.

Texnologiyanın inkişafı hələ 2014-cü ildə başlayıb, lakin o zaman bunun üçün çox həcmli avadanlıq tələb olunurdu - hazırda alimlərə bunun üçün ancaq kiçik kamera lazımdır.

Mənbə: Hightech.fm