Rus, bu toyuq bu yumurtanı doğub...

Rus, bu toyuq bu yumurtanı doğub...

Bəli, gərəkdir, şərti əvvəldən, şumda kəsəsən ki, bostanda davan düşməsin. Amma nə edəsən ki, Rusiya şərt-filan qanan ölkə deyil.

Qansaydı anlayardı ki, onu bura müharibəni alovlandırmaq üçün deyil, söndürmək üçün göndəriblər və bunu özü qanaraq erməni dostuna da qandırardı ki, ağlını başına yığıb dinc dursun, xam xəyallara düşməsin.

Amma yox, bu günlərdə daha bir təxribat törətdi və adını da qoydu ki, bəs azərbaycanlılar atəşkəsi pozublar.

Dedim ki, bunlar şərt-filan bilməyiblər. Amma bu o demək deyil ki, illər hədər keçib. Yox, Bakı Moskvaya təzyiq edib, Moskva da Bakıya. Bu illər ərzində Bakı Moskvanı anlatmağa çalışıb ki, bəs mən sənin bu bölgədə, yəni Cənubi Qafqazda maraqlarını gözləyirəm, Gürcüstan kimi Brüsselin qapılarını döyəcləmirəm, hətta sədaqətli dostun Ermənistan kimi “Bizim sazişin heç bir geosiyasi sətiraltısı yoxdur” -deyib Avropa İttifaqına göz eləmirəm, amma gərəkdir ki, sən də mənin maraqlarımı təmin edəsən, Qarabağı mənə qaytarasan. Moskva da bunun müqabilində deyirdi ki, mən səni başa düşürəm, amma ikicə şərtim var.

Birincisi, bütün Qarabağı sənə qaytara bilmərəm, çünki məni Qafqazda saxlayan Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələridir. Onlar olmasa, mən də yoxam burada.

İkincisi, mən sənin geosiyasi sədaqətini qiymətləndirirəm, amma mənə daha etibarlı təminat lazımdır: gərəkdir ki, mənim əsgərlərim burada ola.

Qərəz, Bakı az düşünüb-daşınmadı. Birinci atəşkəsdən sonra elə hey bu haqda götür-qoy elədi. Camaat deyirdi ki, biz rus əsgərini bura buraxsaq, Kreml də bizi Qarabağa buraxacaq. Amma bircə şərtlə: ermənidə şübhə yaranmamalıdır ki, bəs Moskva Qarabağı ondan alıb Azərbaycana qaytardı. Buna görə də rusun razılığı bu formada olacaq ki, o, erməninin arxasından çəkiləcək, Azərbaycana mane olmayacaq. Belə də oldu: Bakı özünün az qala, otuz illik məntiqinə və camaat deyənə qulaq asdı – biz Qarabağı öz gücümüzlə aldıq, bir şərtlə ki, rus burada özü üçün tutacaq saxladı...

İndi Bakı çalışır ki, Dağlıq Qarabağın qalan hissələrini də separatistlərdən təmizləsin. Amma buna nə Moskva, nə də İrəvan qol qoymur. Aydın məsələdir ki, İrəvan bunu istəməz. Amma bir az yuxarıda Moskvanın da motivlərini ərz etdik: Qarabağ adlı münaqişə tamam olmayacaqsa, daha burada Rusiyaya nə ehtiyac vardır?..

Odur ki, məsələ bir düyündən çıxıb başqa bir düyünə keçib – hər şey çox qəlizdir, qardaş. Məsələ “Dəli Kür” filmində deyilən kimi (mən sənə yumurtaları və toyuğu, sən də mənə papağı) asan deyil. Həm də Rusiya post-sovet məkanı uğrundakı müharibəni Ukraynadan başladı. Bu müharibənin nəticələri özünü Qafqazda da göstərəcək. Hələlik düz altı aya adlayıb müharibə, amma heç kim bilmir ki, sonu necə olacaq. Biz də bilmirik. Amma başqa cür düşünənlər də var: “Rusun başı qarışıb, fürsətdir”- deyənlər də tapılır.

Düzdür, rusun başı qarışıb, fəqət, hələ o, başını tamam itirməyib ki, onun papağının içinə qoz-fındıq yığaq. İndi Kreml düşünür ki, Ukraynanı alsa, qalan sovet məkanını da alacaq. Di gəl, bu “yumurta döyüşü”ndə o, papağını da itirə bilər...

Hüseynbala Səlimov