Novxanı yolundakı təndirlərə qarşı biznes qısqanclığı, ya real təhlükə?..

Novxanı yolundakı təndirlərə qarşı biznes qısqanclığı, ya real təhlükə?..

Eyyub Hüseynov: "Çörəkbişirmə həddindən artıq liberal biznes formasına çevrilib, kim harada və necə istəsə bişirir"

Min illər boyu nəsildən-nəslə keçən çörəkbişirməni Azərbaycanda el sənəti adlandırırlar. Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır, onu Quranla bərabər tuturuq. Azərbaycanlılar həmişə dar məqamlarda "çörək haqqı" - deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır.

Azərbaycanda çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, fətir, lavaş, səngək, xamralı, qalın, nazik, fəsəli, kətə, təndir çörəyi... Onların hər biri adı, forması, ölçüsü, qalın və nazikliyi, dadı, qoxusu, hazırlanma üsuluna görə fərqlidir.

Uzun illərdir ki, Azərbaycanın istehlak bazarında fərdi sahibkarlar tərəfindən “Təndir çörəyi” biznesi mövcuddur. Bu biznes dövlət tərəfindən tənzimlənmir. Bu çörək növünə tələbat yüksəkdir. Xüsusilə də yol kənarında fəaliyyət göstərən təndirlərdə bişirilən çörəklərə daha çox üstünlük verilir. Novxanı çimərliyinə gedən yol kənarındakı təndirxanalarla bağlı sosial şəbəkələrdə neqativ fikirlər yayılıb. Məlumata görə, Novxanı yolu üzərindəki təndirlərdə təbii kənd dadı ilə bişirilən çörəklər zəhər saçır. Deyilənə görə, bu təndirlər DSP MDF qırıqları ilə qalanır ki, həmin materillar da mebellərdə istifadə olunur. Bu xammalın əsasını ağac yonqarı ilə yanaşı kley də təşkil edir ki, bunun da tərkibində formaldehid adlanan zəhərli maddə var.

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd etdi ki, hər bir çörəyin bişirilmə qaydası və texniki şərtləri olmalıdır: "Çörəyin bişirilmə yanacağının texnologiyası olmalıdır. Çörəkbişirmə həddindən artıq liberal biznes formasına çevrilib. Kim harada və necə istəsə bişirə bilər. Hətta marketlərin içinə təndir qoyub çörək və ləvəngi bişirirlər. Milçəklər başına yığılır və ən yaxşı supermarketlər əhaliyə çörəyin üstündə havayı milçək yumurtaları da satır. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə heç nəzər salmaq istəmir. Iki ilə yaxın müddətdə bu barədə İctimai Şurada heç bir müzakirə getməyib. Onu da deyim ki, tərkibində kley maddələr olan taxtalardan hazırlanan köz, tüstü çörəklərə hopur, bu isə insan orqanizmini təhlükə altına qoyur”.

Günel CƏLİLOVA