'Amnesty International'ın Ukrayna ofisinin direktoru qurumun hesabatına etiraz olaraq istefa verdiyini açıqlayıb

'Amnesty International'ın Ukrayna ofisinin direktoru qurumun hesabatına etiraz olaraq istefa verdiyini açıqlayıb

Amnesty İnternational təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk təşkilatı tərk etdiyini açıqlayıb.

O bildirib ki, təxminən 7 illik işindən ayrılmasına təşkilatın Ukrayna hərbçilərinin müharibə qanunlarını pozması ilə bağlı hesabatın dərc etməsi səbəb olub.

Təşkilatın Ukrayna bölməsi daha əvvəl hesabatın hazırlanmasında iştirak etmədiyini bildirib.

“Hər şey bürokratiya divarına və kar dil baryerinə çırpıldı. Məsələ ingilis dilində deyil, amma ondadır ki, əgər sən işğalçıların soxulduğu və onu parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiə ordusunu qınamağın nə olduğunu başa düşmürsən.”, Oksana Pokalçuk Facebook-da yazıb.

Avqustun 4-də Amnesty İnternational-ın yaydığı hesabatda deyilir ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblər və xəstəxanalarda bazalar yaradaraq, silah yerləşdirərək dinc əhalini təhlükə altına salırlar.

Ukrayna prezidenti Volodimir Zelenski bu hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.

Təşkilatının rəhbəri Agnes Callamard cavab olaraq deyib ki, bu tənqid Amnesty İnternational təşkilatının “qərəzsizliyini zəiflətməyəcək” və “faktları dəyişməyəcək”.

“Nəticələr Amnesty İnternational-ın bütün işi kimi eyni ciddi standartlara və lazımi araşdırma prosedurlarına uyğun olaraq aparılan araşdırmalar zamanı toplanmış sübutlara əsaslanırdı” -Callamard vurğulayıb.

Hesabatın dərcindən sonra Amnesty İnternational təşkilatının Ukrayna Silahlı Qüvvələrinə akkreditasiyasının dayandırıldığı bildirilir.

Ukraynadakı müharibə ilə bağlı Amnesty İnternational-ın digər hesabatları barədə heç bir məlumat verməyən Rusiya mediasında təşkilatın sözügedən hesabatı geniş işıqlandırılıb.

Təşkilatın hesabatını Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində şərh edilib. Vurğulanıb ki, Rusiya dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin dinc əhalidən “insan qalxanı” kimi istifadə etdiyini bəyan edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu