Niyə İran Suriyanı, Əsədi qardaş bildi?- Bizi yox...

Niyə İran Suriyanı, Əsədi qardaş bildi?- Bizi yox...

Suriyadan ötrü dəridən-qabıqdan çıxdı. Bizdən ötrü yox...

Ayaqyalın Husi ərəblərindən ötrü Yəməndə dünyayla qarşı-qarşıya gəldi? Bizdən ötrü yox?

Niyə Venesualanı qardaş bildi...bizi yox?

Niyə Livandan ötrü aləmi vurduz bir-birinə, bizə qarşı isə sükut sərgilədiz?

Qanımızın rəngi nədi, başqadı bəlkə?

Axı əsl Əli şiəsi elə bizik. Əsəd deyil...Həzara deyil. Yəmən deyil. Livan deyil.

Niyə Əfqanistandakı Həzara yetimlərini Azərbaycandan üstün gördüz?

Niyə?

Sizinçün Həzara yetimləri qədər də olmadıq, hə?

Niyə, əhli-beytə bu qədr sevdası olan bizlərə göz yumduz? Dərdimizə əlac axtarmadız?

Niyə erməniləri seçdiz...niyə bizlərə gözucu baxdız?

Bəli, siz bizi atıb Yerevanla, Moskvayla qucaqlaşa bilərsiz. Biz Rusiya əleyhdarı deyilik. Moskvaya hörmətlə yanaşırıq. Ancaq biz 200 il Rusiya tərkibində qalmışıq. Sizin Türkmənçay cinayətinə görə. Bu sahədə təcrübəmiz sizdən dəfələrlə çoxdu.

Sizin Moskvayla münasibətləriniz Azərbaycan SSR-nin Moskvayla indi unudulmuş münasibətlərinə bənzəyir yavaş-yavaş...Biz bu taleyi yaşadıq. Elə Rusiya da bunu yaşadı. İndi öz münasibətlərimizi başqa cür qururuq. Moskva da, Bakı da bu yeni standartdan razıdır.

Bəs Siz niyə Azərbaycan SSR-nin taleyini, gedişlərini təkrarlayırsız axı?

Suallar...suallar...

Və sükut...

Unutmayın, lütfən. Azərbaycanla İran, Azərbaycan türkü ilə farslar şiə, əhli-beyt coğrafiyasının iki ana sütunudur. Bu sütunların birini-Azərbaycanı laxlatmaq, məhz şiəliyə qarşı cinayətdir. Uca Allah özü bunu kimsəyə bağışlamaz. Özü zərbə vurar bu cür xəyanətə.

Allahdan qorxun.

90-cı illərin əvvəlində bizə kömək etmə cəhdləriniz, az da olsa, bəli, varıydı. Ancaq biz 1998-ci ildə sizin Zəngəzur dəhlizi ilə bağlı məxfi addımlarınızdan da xəbərdarıq. Bilirik, sizin yardımınız olmasa Koçaryan-Sarkisyan cütlüyü Yerevanda saray çevrilişi etməyi bacarmazdı. Oxşar "manevrlərinizi" biz, o vaxtlar Əfqanistanda da gördük. Siz, o vaxtlar, Ermənistanla əməkdaşlığa getdiyiniz kimi, ABŞ-la da razılaşmaya getdiniz. Rayan Klark Kroker adlı yüksək rütbəli ABŞ diplomatıyla Jenevrədəki danışıqlarınız bizlərə bəllidi indi. Əfqanistan, Azərbaycandakı indiki qorxularınız, fobiyalarınız da məhz burdan qaynaqlanır.

19-cu yüzilin ilk rüblərində İran da, Osmanlı Türkiyəsi də Rusiyaya uduzub bir xeylaq öz torpaqları itirdilər.

Türkiyə XX yüzildə Qarsı, Ərdəhanı, Ağrı dağını, Sarıqamışı və sair ərazilərini geri qaytarmağı bacardı. İran isə yox. Tam tərsinə, sanki Türkmənçayın ömrünü uzatmağa çalışdı elə bil. Arazın bu tayını bu dəfə ruslara yox, ermənilər ötürdü.

Neynək, biz türklərdə millətçilik var. Bu, 200 il köləlikdə qalmış xalq üçün təbiidi. Bu, reallığımızdı. Niyə bunula yola getmədiz? Dərk etmədiz ki, milli təfəkkür islama zidd deyil. Quranın 48-ci surəsindəki 13 ayəni bir oxuyun.

Orda deyilib ki, Allah millətləri özü yaradıb. Müqayisə üçün. Yəni millilik heç də islama zidd deyil.

Özünüzə gəlin. Güzgüyə baxın. Bir də bizə.

Qardaşınız, itmiş qardaşınız bizik. Əsəd yox.

Həmid Herisçi

visiontv.az