“Pelosi Amerikanı bəlaya saldı” - Şimali Koreyadan hədə

“Pelosi Amerikanı bəlaya saldı” - Şimali Koreyadan hədə

Şimali Koreya bir neçə gün əvvəl Tayvana gələrək qlobal gərginliyə yol açan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya şöbəsinin baş direktoru Co Yonq Sam açıqlama verib.

Sam bildirib ki, Pelosi səfəri zamanı Şimali Koreya əleyhinə atmosferi qızışdırıb, Çini isə qəzəbləndirib.

Pelosinin Cənubi Koreyada olarkən parlementin sədri Kim Jin-pyo ilə iki ölkə arasında silahsızlaşdırılmış bölgəni (DMZ) ziyarət etdiyini xatırladan Sam Amerika rəsmisinin Şimali Koreya ilə qarşılıqlı itaətsizlik mühiti yaratdığını bildirib. O deyib ki, Pelosi beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısıdır.

XİN rəsmisi Pelosinin Cənubi Koreyadakı davranışının Co Bayden administrasiyasının Şimali Koreyaya qarşı düşmənçilik siyasətini açıq şəkildə göstərdiyini iddia edib:

“Pelosinin Koreya yarımadasından qəzasız-bəlasız gedə biləcəyini düşünməsi ölümcül səhv olardı. Onun hara getməsindən asılı olmayaraq, yaratdığı bəlalar ABŞ-a baha başa gələcək”.