Putin Şimali Koreyadan 100 minlik ordu istəyib -

Putin Şimali Koreyadan 100 minlik ordu istəyib -

Rusiyada yayılan məlumatlara görə, Ukraynada çətin vəziyyətə düşən Vladimir Putin Şimali Koreyanın diktator lideri Kim Çen Indan yüz min hərbçi istəyib. Putin bunun qarşılığında Şimali Koreyanı enerji resursları və taxılla təmin edəcəyini bildirib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, Şimali Koreya diplomatik kanallar vasitəsilə açıq şəkildə bəyan edib ki, müharibəni Rusiyanın xeyrinə dəyişmək üçün, işğalçılara hərbi yardım göstərməyə hazırdır.

Bu qüvvəllərin Kim Çen Inın bu yaxınlarda müstəqil ölkələr kimi tanıdığı qondarma "dnr" və "lnr"-in ərazilərinə yerləşdiriləcəyi bildirilir.

Rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko Rusiya dövlət televiziyasında çıxış edərkən bildirib ki, Kim Çen Inın Rusiyaya uzatdığı əli qəbul etmək lazımdır: "Məlumatlar var ki, Şimali Koreyadan 100 min könüllü gəlib münaqişədə iştirak etməyə hazırdır. Şimali Koreyalı könüllülər artilleriya və iri çaplı buraxılış raket sistemləri ilə münaqişəyə qatılmaq istəyirlərsə, gəlin onların könüllü impulslarına yaşıl işıq yandıraq. Şimali Koreya Ukrayna faşizminə qarşı mübarizə aparmaq üçün beynəlxalq borcunu yerinə yetirmək arzusunu ifadə edirsə, biz onlara icazə verməliyik".

Məlumat üçün bildirək ki, Rusiya ilə Şimali Koreya arasındakı əlaqələr 1948-ci ilə - Sovet İttifaqının KXDR-i rəsmən tanıyan ilk ölkə olduğu vaxta təsadüf edir. İki ölkə arasındakı münasibətlər Sovet İttifaqının dağılmasından sonra da davam edib.

Putin fevralın 24-də Ukraynaya hücuma başlayanda Şimali Koreya BMT-nin işğalı pisləyən qətnaməsinin əleyhinə səs verən 5 ölkədən biri olub. Həmçinin Şimali Koreya Ukraynanın şərqindəki separatçı "dnr" və "lnr"-in müstəqilliyini tanıyan üçüncü ölkədir.