Depressiya haqqında bütün bildiklərimiz yanlışdır? Yeni araşdırmalar necə təhlil edilməli?

Depressiya haqqında bütün bildiklərimiz yanlışdır? Yeni araşdırmalar necə təhlil edilməli?

Rachel Schraer

BBC Səhiyyə Müxbiri

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Depressiyanın, zənn edildiyi kimi, insan beynində “xoşbəxtlik hormonu” olduğu deyilən serotoninin səviyyəsinin aşağı olmasından qaynaqlanmadığını göstərən yeni araşdırmanın nəticələri dünya miqyasında marağa səbəb olub.

Eyni zamanda bu araşdırma beyində serotoninin ifrazını artıraraq təsir göstərən bir çox antidepressantın faydasız olduğuna dair yanlış nəticələrə gətirib çıxardı.

Araşdırma antidepressantların təsirli olmadığını göstərmir. Lakin göstərilən reaksiyaların psixi sağlamlıq problemlərinin qavranılması və müalicəsi ilə bağlı ciddi suallar doğurduğu dəqiqdir.

Saranın hekayəsi

Sara 20 yaşlarının əvvəlində ilk böyük psixiatrik problemini yaşayarkən həkimlər ona bəzi antidepressantlar verərək, bunların şəkər xəstəliyinə qarşı insulinin istifadəsindəki kimi təsir yaratdığını izah ediblər.

Bu dərmanların beynindəki kimyəvi tarazlığı düzəldəcəyini və ömür boyu qəbul etməli olduğunu söyləyiblər.

Anası kimi Tip 1 diabet xəstəsi olan Sara bu tövsiyələrə kifayət qədər ciddi bir şəkildə əməl edib. Özünü daha pis hiss etməsinə səbəb olduğunu düşünsə də, dərmanları qəbul etməyə davam edib.

Stressdən azad olmağın ən asan yolu

23 May 2020

Xoşbəxt olmağın 9 ucuz yolu

25 Sentyabr 2018

İntrovertləri necə xoşbəxt etməli?

26 Sentyabr 2019

Bir müddət sonra beynindəki qorxunc səslər ondan özünü öldürməsini söyləməyə başladıqda elektrokonvulsiv terapiyaya (beyindən elektrik axını keçirilərək aparılan müalicə) cəlb edilib.

Belə ki, antidepressant dərmanların depressiya ilə əlaqəsinin insulin və diabet arasındakı əlaqəyə bənzədiyi iddiası, əslində, heç bir tibbi sübuta əsaslanmırdı.

Sara deyir ki, “Özünü güvəndiyin insanlar tərəfindən xəyanətə uğramış kimi hiss edir".

Dərmanların bədəninə təsiri nadir bir reaksiya idi, lakin həkimlərin ona verdiyi "beynindəki kimyəvi natarazlıq" izahı çox geniş yayılmışdı.

Şəklin alt yazısı,

Sara və anası diabetə görə insulindən istifadə edirlər

Bəzi psixiatrlar depressiyanın serotonin səviyyəsinin aşağı olmasından qaynaqlanmadığını çoxdan bildiklərini və bu son tədqiqatda yeni yanaşma olmadığını söyləyirlər.

Lakin tədqiqatın nəticələrindən bəhs edən tibbi məqalənin bütün dünyada misli görünməmiş diqqət və reaksiya ilə qarşılanması bir çoxları üçün burada təsvir olunanların yeni olduğunu göstərir.

Yenə də araşdırmanın düzgün başa düşülməsi və yanlış nəticələrin çıxarılmaması vacibdir. Depressiyanın serotonin əksikliyindən qaynaqlanmaması antidepressantların faydasız olduğu mənasına gəlmir. Həkimlər bu anlaşılmazlıq nəticəsində insanların dərmanlarını qəbul etməyi dərhal dayandırmağa meyillənməsindən və bunun ciddi abstinent sindromuna (məhrumluq peoblemlərinə) səbəb olmasından qorxurlar.

Mütəxəssislər deyirlər ki, təcili tibbi zərurətlər istisna olmaqla, bu cür dərmanlar qəfil dayandırılmamalıdır, dərman qəbulunun dozanın azaldılması ilə zamanla dayandırılması abstinent sindromunu minimuma endirir.

Şəklin alt yazısı,

Sara elektrokonvulsiv terapiyadan sonra nitq və hərəkət məhdudiyyətləri ilə üzləşib

Araşdırma yeni bir şey deyirmi?

Bu son araşdırmada 17 ayrı elmi tədqiqat analiz edildi və depressiyadakı insanların beyinlərindəki serotonin səviyyəsinin depressiyaya uğramayan insanlarınkından heç də fərqlənmədiyi aşkarlandı.

Bu təsbit dərmanların mümkün təsirə malik olmadığını, yəni beyindəki kimyəvi tarazlığı düzəltmə təsirinin olmadığını açıq şəkildə ortaya qoydu.

Həkim Michael Bloomfield bunu bir nümunə ilə belə izah edir:

“Çoxumuz parasetamolun baş ağrısına yaxşı təsir etdiyini bilirik, amma zənn etmirəm ki, kimsə baş ağrısının səbəbinin beyində parasetamol əksikliyi olduğunu düşünsün”.


Antidepressantlar işə yarayırmı?

Tədqiqat antidepressantların plasebo (psixoloji təsiri aradan qaldırmaq üçün tibbi təcrübələrdə dərman kimi verilən təsirsiz maddə) ilə müqayisədə sadəcə bir az daha təsirli olduğunu göstərir. Amma tədqiqatçılar arasında bu fərqin böyüklüyü ilə bağlı fikir ayrılıqları var.

Bir qrup insan antidepressant istifadə etdikdə daha yaxşı nəticə əldə edir, amma həkimlər bunun səbəbini tam olaraq bilmirlər, yəni dərmanı tövsiyə edərkən kimə daha yaxşı təsir edəcəyini müəyyənləşdirmək mümkün olmur.

Krallıq Psixiatriya Kollecinin professoru Linda Gask hesab edir ki, antidepressantlar bir çox insanın, xüsusilə böhran vəziyyətlərində özünü tez yaxşı hiss etdirən dərmanlardır.

Lakin serotoninlə bağlı son araşdırmanın müəlliflərindən olan professor Joanna Moncrieff deyir ki, buna işarə edən və əczaçılıq şirkətləri tərəfindən aparılan bu cür tədqiqatların əksəriyyəti qısamüddətlidir, məsələn, eyni insanların bir neçə aydan sonra özlərini necə hiss etdikləri barədə çox az məlumat var.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

O deyir: "İnsanlara demək lazımdır ki, biz sizin vəziyyətinizi izləməyə davam edəcəyik və dərmanlardan yalnız sizin üçün faydalı olduğu müddətdə istifadənizi təmin edəcəyik". Amma adətən, belə olmur. Professor Linda Gask da bu fikirdədir.

Depressiyanı müalicəsiz qoymağın riskləri var, amma bəzi insanlar antidepressant qəbul etdikdə çox ciddi əks təsirlərlə qarşılaşırlar. Serotoninlə bağlı son araşdırmanın müəllifləri də bu mövzuda daha açıq olmağın lazım olduğunu söyləyirlər.

İngiltərədəki Milli Səhiyyə İnstitutunun məlumatlarına görə, bu əks təsirlər arasında intihar cəhdləri, cinsi disfunksiya, emosiyaların boğulması və yuxusuzluq var.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Səhiyyə mütəxəssisləri dərman qəbul etməzdən əvvəl qrup terapiyası, məşq və ya kollektiv fəaliyyət tövsiyə etməyə çağırılır

Tədqiqatın yaratdığı mübahisələr nələrdir?

Araşdırmanın yayınlanmasından sonra yayılan tipik yanlış şərhlərdən biri antidepressantların tamamilə əfsanə olduğu və heç bir işə yaramadığı iddiası idi.

Lakin bu araşdırma antidepressantların təsirini nəzərdən keçirmir.

Serotonin, həqiqətən də, insanın əhval-ruhiyyəsinə təsir edən bir hormondur. Bilavasitə serotoninin səviyyəsinin artması qısa müddət ərzində insanın, həqiqətən, özünü xoşbəxt hiss etməsinə səbəb ola bilər. O, həmçinin beynin yeni əlaqələr qurmasına imkan verə bilər.

Başqa bir yanlış fikir isə depressiyanın insan beyni ilə bağlı xəstəlik deyil, onun yaşadığı şəraitə göstərdiyi reaksiya olması ilə bağlıdır.

Tədqiqatın həmmüəllifi həkim Mark Horowitz deyir: “Əlbəttə ki, hər ikisi də... Sizin genetikanız stressə qarşı həssaslığınıza təsir edir".

Ancaq insanlar normal olaraq düşünməyə başlayırlar ki, stressli həyat şəraiti dərman vasitəsi ilə deyil, evlilik məsləhətləri, maliyyə məsləhətləri və ya iş yerini dəyişdirmək kimi çarələrlə dəyişdirilə bilər.

Bununla belə, Avstraliyanın cənub-şərqində yaşayan, həm böyük depressiyadan, həm də psixozdan əziyyət çəkən Zoe depressiyanı bir növ güclü stress hesab etdiyini, "buna gətirib çıxaran problemlərin həllinə" yanaşmanın reduksionist olduğunu və ağır psixi xəstəliklərdən əziyyət çəkən insanları yox hesab etdiyini deyir.

Psixoz Zoenin ailəsində daimidir. Lakin psixoza, adətən, yaxınlaşan bir imtahan kimi stresslər tətikləyici olur.

Zoe bu vəziyyətdə bir mühakimə yürütdükdən sonra dərmanların əks təsirinin ağır psixoz keçirməkdən daha yaxşı olduğuna qərar verib.

Bu, BBC-yə müsahibə verən mütəxəssislərin hamısının həmfikir olduğu məsələdir: xəstələrə daha çox məlumat vermək, vəziyyətlərini aydın izah etmək və bu yolla onlara öz vəziyyətlərini dəyərləndirərək müalicə üçün seçimlərini etmək imkanı yaratmaq lazımdır.