“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb

“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb

“ASAN xidmət”in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının iyulun 30-da keçirilən ilk mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına Bakı şəhərinin ümumtəhsil məktəblərində təhsil alan 1164 nəfər 4-7-ci sinif şagirdi qeydiyyatdan keçib. Yazılı imtahanda hər sinif üzrə (4,5,6 və 7-ci siniflərin hər birindən) ən çox bal toplayan 80 şagird imtahanın 2-ci mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanıb.

Praktiki imtahan zamanı namizədlər verilən layihə tapşırığını müəyyən edilmiş müddətdə və verilən materiallardan hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. Şagirdlər layihəni təqdim edərkən problem həll etmək, orijinal düşünmək, yaradıcı və innovativ həll tapmaq, özünü ifadə etmək kimi bacarıqları nəzərə alınaraq qiymətləndiriləcəklər. Praktiki imtahanın cari ilin sentyabr ayının ilk yarısında keçirilməsi nəzərdə tutulub.

Yazılı imtahanın nəticələri və imtahan prosesi ilə bağlı ətraflı məlumatı deneyap.az saytında əldə etmək olar.

“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir.