Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı

Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı

SADS - yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromudur. Son 2 il ərzində, xüsusilə pandemiya dövründə bu diaqnozdan ümumi ölüm faizində artım müşahidə olunub. Buna səbəb isə ürəyin elektrik ötürücü sistemində patologiyalar və onların verdiyi fəsadlardır.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev "SADS (qəfləti aritmik ölüm sindromu)" mövzusunda məlumat verib.
İnvaziv kardioloq bildirib ki, əsasən təhlükəli aritmiyalar aşağıdakı xəstəliklərin nəticəsidir:

- Bruqada sindromu
- Katexolaminerjik polimorf mədəcik taxikardiyası
- Uzun QT sindromu (UQTS)
- Qısa QT sindromu (SQT)
- Timoti sindromu
- WPW sindromu

Həkimin sözlərinə görə, bu simptomlar təhlükə olduğunu göstərir:

- İdman və ya fiziki aktivlik zamanı sinədə diskomfort, ağrı, təngənəfəslik, bayılma ya qıcolma, qorxu hissi
- Bəzi pasiyentlərdə yuxu zamanı qısa müddətli ürək dayanmaları, nəfəsin qeyri-normal alınması
- Ürək çırpıntısı hissi
- Barmaqlar arasında pərdə olması. Bu, nadir simptomlardan ola bilər.

E.Hacıbalayev xəstəliyə diaqnoz qoymağın üsullarını da açıqlayıb. Qeyd edib ki, elektrokardiogramma, tredmil test, genetik testlər, katexolamin provokasiya testi, exokardioqrafiya, Holter monitorinq, Fetal EXO, Angioqrafiya kateterizasiya və Elektrofizioloji müayinə vasitəsilə xəstəliyə diaqnoz qoymaq mümkündür.

"Xəstəliyi əsas səbəbdən asılı olaraq düzgün müalicə taktikası, implantasiya edilə bilən kardioverter-defibrilyator, beta blokerlər və xinidin istifadə etməklə, eləcə də sol ürəyin simpatik denervasiyası və QT intervalı uzadan dərmanların istifadəsini dayandırmaqla müalicə etmək mümkündür", - deyə həkim bildirib.

E.Hacıbalayev pasiyentlərə səhhətlərində hər hansı problemin olduğuna dair şübhə yarandıqda dərhal kardioloji müayinələrdən keçməyi və pandemiya dovründə səhhətlərinə daha çox diqqət ayırmağı məsləhət görüb.