Avstraliya milyonlarla dollara başa gələn COVID-19 izləmə proqramını ləğv edir - FOTO

Avstraliya milyonlarla dollara başa gələn COVID-19 izləmə proqramını ləğv edir - FOTO

Avstraliya hökuməti 2020-ci ildə ölkə üçün hazırlanan COVID-19 izləmə proqramını ləğv edib.

Bu barədə ölkənin səhiyyə və yaşlılara qayğı naziri Mark Batler bildirib.

Onun sözlərinə görə, əvvəlki Avstraliya hökumətinin 21 milyon Avstraliya dollarından çox (təxminən 25 milyon manatdan çox) xərclədiyi bahalı və səmərəsiz “COVIDSafe” tətbiqini silmək üçün tədbirlər görür.

Qeyd edək ki, tətbiqin virus daşıyıcılarına yaxın olan insanlara yoluxma təhlükəsi barədə tez bir zamanda xəbərdarlıq etməsi planlaşdırılırdı. Bunun yoluxmanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa kömək edəcəyi düşünülürdü. Mobil cihaza yüklənən proqram fasiləsiz işləməli, yaxınlıqdakı qadcetləri fonda aşkar etməli və əlaqə tarixçəsini qeyd etməli idi.

Qurum rəhbəri vurğulayıb ki, Avstraliya hakimiyyəti tərəfindən 2020-ci il 26 aprel tarixində tətbiqin işə salınmasından bu günədək onun köməyi ilə yalnız iki COVID-19 hadisəsi və yoluxanlarla yaxın əlaqədə olan 17 nəfər aşkar edilib.

“2020-ci ilin aprelindən 2022-ci ilin may ayına qədər 7,9 milyondan çox istifadəçi tətbiqdən istifadə edib, lakin onlardan 800-dən azının məlumatı “Cloud” yaddaşına yükləyib”, - deyə o əlavə edib.

Mənbə: TASS