İnternetin də qiyməti qaldırıldı

İnternetin də qiyməti qaldırıldı

Osman Gündüz: "Dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır"
"Məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib. Vətəndaşlara xəbərdarlıq etmədən onlara satılan internetin qiymətini bahalaşdırıb. Əhalidən xəbərsiz belə bir addımın atılması ictimaiyyət nümayəndələri arasında çox ciddi narazılığa səbəb olub. "Bakı Telefon Rabitəsi" MMC ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Alidə Mustafayevanın sözlərinə görə, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/saniyə və 10 mbit/s tarifləri ləğv edilərək abunəçilərin daha sürətli internetə keçidi təmin edilib. Alidə Mustafayeva bildirib ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.
Abunəçilərə əvvəlcədən xəbərdarlıq edilmədən internetin qiymətinin artırılması məsələsinə gəldikdə isə qurum rəsmisi qeyd edib ki, "Bakı Telefon Rabitəsi" MMC tariflərdə edilən bu dəyişikliklə bağlı bir ay əvvəldən qurumun internet saytında, sosial şəbəkə hesablarında bu barədə məlumatlar paylaşılıb.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az-a açıqlamasında bunun yanlış olduğunu bildirib. F.Mustafa qeyd edib ki, bu qurumlar fürsət düşən kimi vətəndaşlardan pul qoparmağa çalışır: “Onların vətəndaşa xidmət anlayışı yoxdur. Heç bir normal xidmət göstərmədən insanların pulunu mənimsəyirlər. Vətəndaş onlar üçün pul qazanmaq mənbəyi olduğuna görə, xəbərdarlıq etməyi də özlərinə çox görürlər. Hələ az qaldırıblar, ürəkləri istəsə, 3-5 dəfə də qiyməti qaldıra bilərlər. Çünki onları vətəndaş düşündürmür”. İnternetin qiymətinin artırılmasının soyğunçuluqdan başqa bir şey olmadığını vurğulayan millət vəkili deyib ki, bu həm də cinayətdir: “Başqa adı yoxdur. “Aztelekom” və yaxud başqa provayder ilə mülki müqavilə bağlanılır. 10 manat ödəyirəm ki, mənə bu ölçüdə internet verəsiniz deyə müqavilədə qeyd olunur. Bu müqavilə xəbərdarlıq edilmədən pozulub. Ona görə də vətəndaşlar ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidir. Kütləvi şəkildə məhkəməyə müraciət etsələr, heç olmasa, bu soyğunçuluğun qabağını almaq olar”. İKT mütəxəssisi, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, adıçəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir: “Amma birdən-birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək, düşünürəm ki, doğru yanaşma deyil.
Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz. Bu, doğru olmazdı. Xüsusən də bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir. Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün, əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi.Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər. Bir daha vurğulamaq istərdim ki, adı çəkilən dövlət operatorlarının son zamanlar infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdikləri müsbət addımlara rəğmən məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil”. O.Gündüzün sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib. Qiyməti operatorlar qaldırıb:
“Bunun özü də doğru bir yanaşma deyil. Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki, hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin, tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir. Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki normalda bu tərsinə olmalıdır. Bu məsələni, nazirlik və operatorlarla birlikdə İctimai Şurada da müzakirə etmək faydalı olardı”.