“İlhamə Quliyevaya o bilsəydi ki, belə urvatsız öləcək...” – Tolikdən qalmaqallı açıqlama

“İlhamə Quliyevaya o bilsəydi ki, belə urvatsız öləcək...” – Tolikdən qalmaqallı açıqlama

“Artıq müğənnilərin başını buraxmışam, istəyirəm insanların dərdinə şərik olum, onların problemlərini həll edim...”

Bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) deyib. O, payız ayından etibarən sosial veriliş aparmağının səbəblərindən danışıb:

“Məhz buna görə sosial veriliş aparacağam. Düzdür, mən itkinləri axtarmayacağam, Xoşqədəm xanım kimi təcrübəm yoxdur, Zaur Baxşəliyev kimi böyük işlər görməyəcəyəm, amma çalışacam ki, öz ampluamda gündəmdə olan problemləri işıqlandırım.

3 saatlıq sosial veriliş aparacam. Çünki insanlar artıq şoudan beziblər. Nə qədər dostumuz Nanəyə baxmaq olar? Nə qədər səhər-səhər camaatı ağlatmaq olar? Efirdə anasının qəbrini göstərib camaatı ağladır, iki dəqiqə sonra da deyir ki, indi sizdən ritmik bir ifa eşidək. İnsanlar artıq belə sünilikdən iyrəniblər. Eyni şeydən nə qədər danışmaq olar? İnsanlar beziblər, onlar səmimilik istəyirlər.

Müğənnilər insanlara daha maraqlı deyil, onlar sadə vətəndaşın efirə çıxıb problemlərini danışmasına daha çox baxırlar, nəinki şouya. Çünki müğənnilər yalandan qalmaqal edirlər, hər şey reytinq üstündə qurulub. O qədər müğənnilər var ki, efirdən qabaq deyirlər “Bəlkə nəsə edək, filankəsə söz atım?” Belələri o qədər çoxdur ki...”

Tolik bu layihəni reytinq xətrinə etmədiyini bildirib:

“Mən sosial verilişi reytinqə görə aparmağı düşünmürəm. Ürəyimdən nəsə gəlirsə, həmişə çalışıram onu edim. Onsuz da verilişimdə həmişə sosial mövzulara da yer verirdim, uşaqları sünnət etdirirdim, yaxud kasıb, uşağı olmayan ailəni çağırıb ona təmənnasız süni mayalanma etdirirdim, hansısa ailənin evində televizor yoxdursa, alıb aparıb verirdik və s...

Mən camaata onda maraqlıyam, hansısa müğənniləri efirə çağırıb onları bir-birinə qırdıranda yox. Qalmaqal olanda izləyicilərim deyirdi ki, Tolik, bunu eləmə. Gördüm ki, müğənnilərə yaxşılıq etməkdənsə, insanların xidmətində durmaq daha yaxşı olar. Yaşım da o yaş deyil, istəyirəm qalmaqallardan uzaq olum.

Özünüz bilirsiniz ki, pandemiya vaxtı, müharibədən sonra xalqın mənə nə qədər dəstəyi oldu, insanlara yardımlar etdik. Mən belə şeylər etmək istəyirəm. 6 min qazimiz var, amma hamısını tanımırıq, onları çəkib göstərmək fikrim var. Şəhidlərimiz var, onların valideynləri istəyir ki, övladlarının şəkli heç olmasa, televiziyada göstərilsin, xalq onları tanısın”.

O, bundan sonra müğənnilərə prodüserlik etməyəcəyini də açıqlayıb:

“Artıq müğənnilərin heç biri ilə prodüser kimi işləmirəm, onlarla toylara da getmirəm. Bundan sonra maddiyata o qədər də önəm vermirəm. Bir müddət əvvəl Amerikaya getdim, orada öyrəndim ki, şəkərim var. Müayinə zamanı bildik ki, 461 şəkərim var. Allah eləməsin, komaya düşüb ölsəydim, yığdıqlarım kimə qalacaqdı?

Allah rəhmət eləsin, İlhamı Quliyevaya o bilsəydi ki, belə urvatsız öləcək ürəyi partlayardı. Xatırlayırsınızsa, İlhamə xanım vəfat edəndə meyiti qaldı qıraqda, hamı var-dövlətinin üstündə qırğında idi, qızıllarını biri, kürklərini biri aparmaq hayında idi. Heç indi ildə bir dəfə qəbrinin üstünə gedib gül qoyan da yoxdur.

Ona görə də insanlara yaxşı olmaq lazımdır. Bəzən müğənnilərə də deyirəm ki, heç kəsə acıq verməyin, sevgilim mənə maşın aldı, bağ aldı deyib acıq verirsiniz, Allahın qəzəbinə gələcəksiniz. İnsanlar da fikirləşir ki, mən namus, qeyrətlə yaşayıb, balalarımı böyütməyə çalışıram niyə mənə Allah ruzi vermir, amma hansısa səsi olmayan müğənniyə ev alınır, bağ alınır, maşın alınır, konsertində qızıl üzük bağışlanır. Bunlar hamısı yalan şeylərdir, ay camaat, onlar sadəcə izləyicilərə, həmkarlarına acıq verirlər”.

Əsmətxanım RZAZADƏ