Dendrologiya Bağında Qafqaz dağdağanı tədqiq olunub

Dendrologiya Bağında Qafqaz dağdağanı tədqiq olunub

Dendrologiya Bağının kolleksiyasında özünəməxsus yeri olan Qafqaz dağdağanı üzərində elmi tədqiqat işi aparılıb, növün biomorfoloji xüsusiyyətləri öyrənilib, meyvələrindən alınan yağ tədqiq edilib.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Aparılan elmi-tədqiqat işləri nəticəsində aydın olub ki, Qafqaz dağdağanı bitkisinə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirir. Uzunömürlü, dekorativ əlamətlərə və ekoloji amillərin davamlılığına malik olan dağdağan növlərindən meşəsalmada, yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında, xiyabanlarda, bağlarda, parklarda, tək və qrup əkinlərində istifadə olunması məqsədəuyğundur.

Qeyd edək ki, dağdağanın budaq, yarpaq və meyvələri müalicəvi əhəmiyyətə malikdir, E və B qrupu vitaminləri ilə zəngindir. Tərkibində kalsium, natrium, maqnezium, fosfor, sink, manqan və s. minerallar var. Mədə ağrıları, böyrək qumlarının tökülməsi, yaraların sağalması, ayaq tərləməsi, sidikqovucu, öskürək və bronxitin müalicəsində istifadə edilir. Yarpaqlarının dəmləməsini saça sürtdükdə parlaqlıq verir. Dağdağan ağrıkəsici, iştahaartırıcı təsirə malikdir.